MALİYYƏ

Vüsal Xəlilov: "Süni intellektdən istifadə məhsul yaradılmasını sürətləndirib"

Süni intellektdən istifadə məhsul yaradılmasını əhəmiyyətli dərəcədə sürətləndirib.

Bunu "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov deyib.

O rəqəmsallaşma və süni intellekt məsələsinə də toxunaraq bildirib ki, fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə də vurğulandığı kimi, rəqəmsallaşma və süni intellekt ölkəmizin əsas prioritetlərindən biri kimi müəyyən edilib: "Maliyyə sektoru isə ölkənin ən çox rəqəmsallaşmış sahələrindən biri olaraq bu istiqamətləri öz strategiyalarında və təşəbbüslərində nəzərə alır. Hesab edirik ki, rəqəmsallaşma və süni intellekt yaxın gələcəkdə bütün təşkilatlarda geniş tətbiq olunacaq. Bu gün keçirilən sammit çərçivəsində müzakirə olunan mövzular da bunu bir daha təsdiqləyir".

V. Xəlilov qeyd edib ki, Mərkəzi Bank da öz fəaliyyətində süni intellektdən istifadənin genişləndirilməsi istiqamətində ardıcıl addımlar atır: "Xüsusilə, bütün təhlükəsizlik tələbləri nəzərə alınmaqla məhsul yaradılması sahəsində əhəmiyyətli nəticələr əldə etmiş, proseslərin sürətləndirilməsinə nail olmuşuq. Bu inkişaf fonunda Mərkəzi Bankın roluna da yeni baxış formalaşır. Dünyada müşahidə olunan tendensiyalar göstərir ki, mərkəzi banklar artıq yalnız ənənəvi tənzimləyici funksiyasını yerinə yetirmir, eyni zamanda rəqəmsal maliyyə ekosisteminin formalaşdırılmasına və inkişafına rəhbərlik edən qurumlar kimi çıxış edirlər".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)