Şirkətlər üçün yeni güzəşt: İxrac gəlirlərinin ölkəyə gətirilməməsinə görə məsuliyyət qaydaları dəyişir
Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycanın müvəkkil banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cərimələr dəyişir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, qüvvədə olan qanuna əsasən, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə edilir. "Az miqdarda" dedikdə, 20 min manatadək olan məbləğ başa düşülür.
Dəyişikliyə əsasən isə "dispozisiyadan "az miqdarda" sözü çıxarılır, sanksiya azaldılır, inzibati məsuliyyətdən azadetmə halı müəyyənləşir.
Bu dəyişiklik əsasən ixracatçılar və xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlər üçün nəzərdə tutulub.
İndiyə qədər necə idi?
Əgər Azərbaycan şirkəti xaricə mal və ya xidmət satıb pul qazanırdısa, həmin vəsaiti qanunla müəyyən edilmiş müddətdə Azərbaycandakı müvəkkil bank hesabına köçürməli idi. Əks halda, şirkət və ya məsul şəxs cərimələnirdi. Məsələn, xaricdən qaytarılmalı olan 10 min manatlıq vəsait vaxtında ölkəyə gətirilmirdisə, cərimə həmin məbləğin 30-50%-i qədər olurdu. Yəni 3-5 min manat arası.
Nə dəyişir?
1. Cərimələr azaldılır: əvvəllər cərimə: qaytarılmayan məbləğin 30-50%-i, indi - vəzifəli şəxslər üçün 10-20%, hüquqi şəxslər (şirkətlər) üçün 20-30%əni dövlət daha yumşaq yanaşma tətbiq edir.
2. "20 min manata qədər" məhdudiyyəti ləğv edilirə Qanunda "az miqdar" anlayışı vardı və bu, 20 min manata qədər məbləğləri əhatə edirdi.
İndi həmin ifadə çıxarılır. Bu isə o deməkdir ki, yeni qaydalar daha geniş tətbiq olunacaq və yalnız kiçik məbləğlərlə məhdudlaşmayacaq.
3. Ən vacib yenilik: pul sonradan qaytarılarsa, cərimə olmayacaq
Əgər şirkət xaricdən gətirməli olduğu valyutanı vaxtında qaytarmayıbsa, amma iş məhkəməyə və ya səlahiyyətli orqana çatdıqdan sonra, qərar çıxarılana qədər həmin vəsaiti Azərbaycana köçürərsə: inzibati məsuliyyətdən azad olunacaq, cərimə tətbiq edilməyəcək.
Bu dəyişiklik niyə edilir?
Məqsəd şirkətləri cərimələməkdən daha çox, xaricdə qalan valyutanın ölkəyə qaytarılmasını təşviq etməkdir. Başqa sözlə, dövlət deyir ki:
"Əsas məqsəd pulun Azərbaycana gəlməsidir. Əgər gec də olsa gətirirsənsə, cəriməni tətbiq etməyək."

















