BİZNES

İxracın 86%-i neft-qazdan: Azərbaycanın iqtisadi modeli nə qədər dayanıqlıdır?

Hörmüz boğazının açılması ilə qlobal bazarlarda gərginliyin azalması dərhal neft qiymətlərinə təsir etdi. Cəmi bir gün əvvəl 141 dollara qədər yüksələn Azərbaycan nefti paralel şəkildə ucuzlaşmağa başladı. Təbii ki, neftin baha qiymətlərinin müvəqqəti dövr üçün olduğunu hamı anlayır. İxracdakı qeyri-neft sektoru üzrə vəziyyətimizə görə uzun illərdir "Tomat ölkəsi" olaraq adlandırılmağımız isə iqtisadi inkişafla bağlı ciddi yanaşmalar tələb edir.  İqtisadi rəqəmlərə baxdıqda bu sual aktuallığını qorumağa davam edir: ölkə iqtisadiyyatı və büdcə neftdən nə qədər asılıdır?

Rəqəmlər bu asılılığın hələ də çox yüksək olduğunu açıq şəkildə göstərir. 2025-ci ildə Azərbaycanın ümumi ixracı 24 milyard 74,6 milyon dollar təşkil edib. Bunun 20 milyard 605 milyon dolları birbaşa neft-qaz məhsullarının payına düşür. Yəni, xarici ticarət ixracımızın təxminən 86 faizi enerji sektorundan formalaşır. Bu, o deməkdir ki, neft qiymətlərindəki hər bir dəyişiklik ölkənin ticarət balansına və dolayısı ilə büdcə gəlirlərinə birbaşa təsir edir.

Bu vəziyyət xarici ticarət balansının ümumi dinamikasında da özünü göstərir. 2025-ci ildə müsbət saldo 6,4 milyard dollara qədər geriləyib və bu, əvvəlki illə müqayisədə 27,7% azalma deməkdir. Əsas səbəb yenə də neft-qaz ixracındakı azalmadır. Yəni, balansın zəifləməsi birbaşa enerji sektorundakı dalğalanmalarla bağlıdır.

İlk baxışda qeyri-neft sektoru üzrə ixracın artması (3 milyard 469 milyon dollar, +7%) müsbət siqnal kimi görünə bilər. Lakin detallara baxdıqda mənzərə o qədər də optimist deyil. Bu ixracın içərisində 326 milyon dollarlıq qızıl satışı xüsusi yer tutur. Qızılı çıxsaq, real qeyri-neft ixracının həcmi daha da kiçilir və ümumi ixracda payı cəmi 7,8% səviyyəsinə düşür.

Bununla da məsələ bitmir. Qeyri-neft ixracı kimi təqdim olunan göstəricilərin bir hissəsi də əslində yeraltı sərvətlərin – filiz və digər xammal məhsullarının satışından ibarətdir. Yəni, burada da əlavə dəyər yaradan sənaye məhsullarından çox, xammal ixracı üstünlük təşkil edir.

Nəticədə belə bir reallıq ortaya çıxır:

  • Azərbaycan ixracının böyük hissəsi hələ də birbaşa neft-qaz sektorundan asılıdır
  • Qeyri-neft ixracının əhəmiyyətli hissəsi isə emal olunmamış və ya az emal olunmuş xammaldır
  • Yüksək əlavə dəyər yaradan məhsulların payı isə olduqca aşağıdır

Bu fonda Hörmüz boğazı kimi geosiyasi faktorların və neft qiymətlərinin dəyişməsi ölkə iqtisadiyyatına dərhal təsir edir. Çünki iqtisadi model hələ də qiymət dəyişkənliyinə həssas olan xammal ixracına əsaslanır.

Yekunda demək olar ki, mövcud statistika Azərbaycanın iqtisadi potensialı ilə real ixrac strukturu arasında ciddi fərqin olduğunu göstərir. Əsas çağırış isə dəyişməz qalır: qeyri-neft sektorunda yüksək əlavə dəyərli məhsulların istehsalı və ixracının sürətlə artırılması. Əks halda, neft qiymətlərindəki hər dalğalanma iqtisadi sabitlik üçün risk olaraq qalmağa davam edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)