Qeyri-Bank

Xarici bazarlara axan milyardlar: Azərbaycanın kapital bazarına müsbət mesajı nədir?

Əgər daxili bazarda alətlər genişləndirilsə, onları almağa şirkət və ya fərdi investor tapılarmı? Azərbaycan kapital bazarının gələcəyi ilə bağlı ən vacib suallardan biri məhz budur. Son illərdə həm fərdi, həm də korporativ investorların xarici qiymətli kağızlara yönəlməsi göstərir ki, bazarda investisiya iştahı mövcuddur. Sadəcə bu tələbi qarşılayacaq kifayət qədər yerli alət yoxdur.

Azərbaycanın investisiya bazarında əsas paya malik olan broker şirkətlərindən biri olan PAŞA Kapitalın açıqladığı göstəricilər bu tendensiyanı aydın şəkildə nümayiş etdirir.

Şirkətin məlumatlarına əsasən, müştərilərin xarici bazarlarda saxlanılan aktivləri 2024-cü ildə 673 milyon manata düşsə də, 2025-ci ildə kəskin artaraq 893 milyon manata yüksəlib. Bu isə bir il ərzində təxminən 33 faizlik artım deməkdir.

Xüsusilə diqqət çəkən məqam hüquqi şəxslərin aktivliyidir. Onların xarici bazarlardakı portfeli 2024-cü ildəki 422 milyon manatdan 2025-ci ildə 677 milyon manata yüksələrək 60 faizdən çox artıb. Fiziki şəxslərin portfeli isə eyni dövrdə 251 milyon manatdan 216 milyon manata enib. Nəticədə xarici bazarlardakı investisiyaların əsas hissəsi artıq korporativ investorların payına düşür.

Bu tendensiya bazarın digər əsas iştirakçılarından olan ABB İnvest üzrə göstəricilərlə də təsdiqlənir. Şirkətdə fiziki şəxslərin xarici bazarlarda formalaşdırdığı portfelin həcmi təxminən 80 milyon ABŞ dolları, hüquqi şəxslərin xarici qiymətli kağızlar üzrə portfeli isə təxminən 300 milyon ABŞ dolları təşkil edir.

Beləliklə, təkcə bazarın iki aparıcı iştirakçısı üzrə xarici qiymətli kağızlara yönəlmiş vəsaitlərin həcmi artıq milyard manata yaxınlaşır. Bu isə təsadüfi statistika deyil, kapital bazarının inkişafı baxımından ciddi siqnaldır.

Niyə investorlar xarici bazarlara üz tutur?

Səbəblərdən biri Azərbaycan kapital bazarında investisiya alətlərinin məhdud olmasıdır. İstiqraz bazarında müəyyən aktivlik müşahidə olunsa da, səhm bazarı hələ də kifayət qədər dərin deyil. Faktiki olaraq, mütəşəkkil bazarda likvid və investor marağı yaradan səhmlərin sayı çox azdır. Uzun müddətdir investorların diqqət mərkəzində olan əsas səhm alətlərindən biri ABB-nin səhmləri hesab olunur.

Buna qarşılıq olaraq xarici bazarlarda investorlar minlərlə səhm, ETF, investisiya fondu, dövlət və korporativ istiqrazlar arasında seçim edə bilirlər. Texnologiya nəhənglərindən enerji şirkətlərinə, qlobal indeks fondlarından dividend strategiyalarına qədər geniş imkanlar mövcuddur.

Bazar üçün vacib mesaj

Xarici bazarlara yatırımların ildən-ilə artması təkcə vəsait axını deyil. Bu göstərici həm də Azərbaycan vətəndaşlarının və şirkətlərinin maliyyə savadlılığının yüksəldiyini, investisiya mədəniyyətinin formalaşdığını göstərir.

Bir neçə il əvvəl xarici səhm və ya ETF-lərə investisiya edən investorların sayı məhdud idisə, bu gün həm fərdi, həm də korporativ investorlar beynəlxalq bazarları daha yaxından izləyir, riskləri və gəlirlilik imkanlarını qiymətləndirirlər.

Bu baxımdan mövcud statistika mühüm bir suala da cavab verir: əgər daxili bazarda yeni və maraqlı investisiya alətləri yaradılsa, onlara tələb olacaqmı?

PAŞA Kapital və ABB İnvestin rəqəmləri göstərir ki, cavab müsbətdir. İnvestor marağı mövcuddur, kapital da var. Məsələ həmin vəsaitləri ölkə daxilində saxlayacaq və iqtisadiyyatın maliyyələşdirilməsinə yönəldəcək kifayət qədər investisiya alətlərinin yaradılmasındadır.

Kapital bazarının növbəti inkişaf mərhələsi də məhz bu sualın cavabından asılı olacaq: Azərbaycan investorunun xaricdə axtardığı imkanlar nə vaxt və hansı həcmdə yerli bazarda formalaşacaq?

Azərbaycan Mərkəzi Bankının son illərdə açıqladığı strategiya və planlar göstərir ki, tənzimləyici qurum da məhz bu istiqamətdə addımlar atmağa çalışır. AMB-nin "2024-2026-cı illərdə Maliyyə Sektorunun İnkişaf Strategiyası"nda kapital bazarında alət çeşidinin genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu çərçivədə sekyuritizasiya, yaşıl istiqrazlar, sukuk (İslam maliyyə alətləri), investisiya fondları və digər yeni maliyyə məhsullarının bazara çıxarılması istiqamətində işlər aparılır.

AMB eyni zamanda investisiya fondları üzrə tənzimləyici bazanın beynəlxalq təcrübəyə uyğunlaşdırılması, bazar infrastrukturunun təkmilləşdirilməsi və Mərkəzi Kontragent İnstitutunun yaradılması imkanlarının qiymətləndirilməsi üzərində işləyir. Bu addımlar kapital bazarının daha dərin və likvid olmasına xidmət etməlidir.

Mərkəzi Bankın sədri Taleh Kazımovun bazar iştirakçıları ilə keçirdiyi görüşlərdə də kapital bazarlarının davamlı inkişafı, maliyyə vasitəçiliyinin dərinləşdirilməsi, investor hüquqlarının qorunması və qanunvericiliyin təkmilləşdirilməsi prioritet istiqamətlər kimi qeyd olunub.

Bununla belə, rəqəmlər göstərir ki, investor tələbi tənzimləyici dəyişikliklərdən daha sürətlə artır. PAŞA Kapital və ABB İnvestdə formalaşan xarici portfellər göstərir ki, həm vətəndaşlar, həm də şirkətlər artıq səhm, ETF, xarici istiqraz və digər investisiya alətlərinə maraq göstərirlər. Bu mənada əsas məsələ investorun olub-olmaması deyil. Əsas məsələ həmin tələbi qarşılayacaq yerli alətlərin yaradılmasıdır.

Başqa sözlə, bazar artıq öz cavabını verib: kapital da var, investor da var. İndi növbə yeni alətlərə və yeni emitentlərə və inamın formalaşdırılmasına çatır. Azərbaycanın kapital bazarının növbəti inkişaf mərhələsi də məhz bundan asılı olacaq. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)