Sosial

Bu ailələrə hər ay 500-650 manat pul verilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən ötən dövrdə 78 uşaq himayədar ailələrə verilib.

Bu məlumat ƏƏSMN-nin mayın 31-i Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü münasibətilə paylaşdığı yazıda qeyd olunub.

Bildirilib ki, SXA ilə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb:

“Himayədar ailələrə verilən uşaqlardan 34-ü oğlan, 44-ü qızdır. Hazırda həmin uşaqlardan 41-i Bakıda, 4-ü Abşeronda, 33-ü rayonlardakı (Ağcabədidə 1, Astarada 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 4, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 3, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Oğuzda 3, İmişlidə 2, Mingəçevirdə 1, Zərdabda 1 ailə) ailələrdə yaşayır”.

Qeyd olunub ki, nazirlik tərəfindən himayədar ailələrə aylıq sosial ödənişlər də edilir. Belə ki, himayəyə götürülən 6 yaşadək uşaqlara görə aylıq 355 manat, 7-13 yaş arası uşaqlara görə 375 manat, 14-18 yaş arası uşaqlara görə isə aylıq 395 manat müavinət ödənilir. Əlilliyi olan uşaqlar üçün bu məbləğlər yaş qruplarına uyğun olaraq müvafiq şəkildə 500, 600 və 650 manat təşkil edir.

Bununla yanaşı, himayədar ailəyə verilmiş uşaqların mövsümi geyimlə təmin olunması məqsədilə ailələrə hər rübdə bir dəfə, hər uşaq üçün 200 manat məbləğində birdəfəlik müavinət verilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)