AMB: Ani Ödənişlər Sisteminin payı bir ildə 22 dəfə artaraq 54 %-ə çatıb
Son 1 ildə Ani Ödənişlər Sisteminin (AÖS) payı 2,4 %-dən 54 %-ə yüksəlib.
Bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov bildirib.
Onun sözlərinə görə, AÖS-in inkişafı istiqamətində ciddi işlər aparılır və sistemin əhatə dairəsi davamlı olaraq genişləndirilir: "Əgər cəmi bir il əvvəl milli ödənişlər sistemində ani ödənişlərin payı 2,4 % idisə, bu ilin may ayının statistikasına əsasən bu göstərici artıq 54 %-ə çatıb. Bu, milli ödənişlər sistemində AÖS-in payının qısa müddətdə əhəmiyyətli dərəcədə artdığını göstərir".
AMB rəsmisi qeyd edib ki, əldə olunan nəticədə həm təmsil etdiyi qurumun tənzimləmə və nəzarət siyasəti, həm texnoloji inkişaf və mükəmməlləşdirmə tədbirləri, həm də yeni məhsulların tətbiqi istiqamətində görülən işlər mühüm rol oynayıb: "Bununla yanaşı, sektor iştirakçılarının da qısa müddətdə intensiv və keyfiyyətli fəaliyyəti bu uğurun əsas amillərindən biri olub. AÖS-in əhatə dairəsinin bundan sonra da genişlənəcəyini gözləyirik və qarşıdakı dövrdə bu göstəricinin daha da yüksəlməsini hədəfləyirik".


















