Proqram həlləri

Azərbaycanda sosial şəbəkələrə girişə yaş qadağası qoyulsa, nəsə dəyişəcəkmi? Avstraliya nümunəsi bunun effektiv olmadığını göstərdi

Azərbaycanda bir çox valideynin narahat olduğu məsələ artıq parlament müstəvisində müzakirə edilir. Söhbət uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlərdən gedir. Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsinə əsasən, 16 yaşına çatmamış şəxslər yaş məhdudiyyəti tətbiq edilən platformalarda fərdi hesab yarada bilməyəcəklər. Bəzi müzakirələrdə və ekspert rəylərində yaş həddinin 12 və ya 15 yaş olaraq müəyyənləşdirilməsi təklifləri də səslənir. Doğrudanmı bu problemin həll yoludur?

Təcrübə göstərdi ki, Xeyr!

Avstraliya 2025-ci ilin sonunda 16 yaşdan aşağı istifadəçilər üçün sosial şəbəkələrə qadağa tətbiq edən ilk ölkə olsa da, nəticələr gözlənilən effekti verməyib.

Ölkənin eSafety Komissarlığının hesabatına əsasən qadağanın icrasında ciddi boşluqlar yaranıb, kibertəzyiq və onlayn zorakılıq hallarında azalma qeydə alınmayıb. 12–15 yaşlı uşaqların yarıdan çoxu yenə də aktiv sosial şəbəkə hesablarından istifadə edib.

Bu keys nəticəsində Avropa İttifaqında da uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı müzakirələr yeni mərhələyə keçir. İndiyədək əsas diqqət azyaşlıların sosial şəbəkələrə girişinin yaş məhdudiyyəti ilə qadağan edilməsinə yönəlsə də, ekspertlər hesab edirlər ki, problemin kökü istifadəçilərin yaşında deyil, platformaların asılılıq yaradan dizaynındadır.

Keçmiş Meta əməkdaşı: "Bu sistem təsadüfən yaranmayıb"

Xarici mətbuatda dərc olunan məqalənin müəllifi, 15 il Facebook-da çalışmış və sonradan şirkətin fəaliyyətini ifşa edən keçmiş əməkdaş bildirir ki, Facebook, Instagram və WhatsApp-ın sahibi olan Meta istifadəçilərin platformalarda mümkün qədər çox vaxt keçirməsi üçün funksiyaları qəsdən bu şəkildə hazırlayıb.

Onun sözlərinə görə, sonsuz xəbər lentləri (infinite scroll), avtomatik video oynatma (autoplay), alqoritmlərlə formalaşdırılan xəbər axınları və fasiləsiz bildirişlər istifadəçiləri platformaya bağlamaq məqsədi daşıyırdı. Məqsəd isə daha çox reklam gəliri əldə etmək idi.

Aİ yaş qadağası əvəzinə dizaynı dəyişmək istəyir

İyulun əvvəlində Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə təqdim olunan müstəqil ekspert hesabatında sosial şəbəkələrin uşaqlar üçün təhlükəsiz olması üçün tam yaş qadağası deyil, "təhlükəsiz dizayn" (safety-by-design) prinsipi təklif olunur.

Ekspertlər hesab edirlər ki, texnologiya şirkətləri məhsullarının təhlükəsiz olduğunu sübut etmədən yeniyetmələrə xidmət göstərməməlidir. Bu yanaşma artıq qida və avtomobil sənayesində tətbiq olunan təhlükəsizlik standartlarına bənzədilir.

Buna görə də Avstraliya da artıq diqqətini platformaların uşaqların psixoloji sağlamlığına mənfi təsir göstərən funksiyalarının məhdudlaşdırılmasına yönəldir.

Texnologiya şirkətlərinə təzyiq artır

Son aylarda Avropa Komissiyası və digər dövlət qurumları böyük texnologiya şirkətlərinə qarşı daha sərt mövqe nümayiş etdirirlər.

Komissiya TikTok-u istifadəçilərdə asılılıq yaradan dizayn elementlərinə görə xəbərdar edib və qaydalar pozularsa, şirkətin dövriyyəsinin 6%-nə qədər cərimə tətbiq oluna biləcəyini açıqlayıb.

Meta ilə bağlı ilkin araşdırmalarda isə şirkətin sonsuz sürüşdürmə (infinite scroll) və diqqəti uzun müddət platformada saxlama mexanizmlərinin yaratdığı riskləri lazımi qaydada qiymətləndirmədiyi bildirilib. ABŞ-da isə dörd ştat Meta-ya qarşı gənclərdə asılılıq yaratdığı iddiası ilə ümumilikdə 1,4 trilyon dollar məbləğində sanksiya tələbi irəli sürüb.

"Təhlükəsiz dizayn" nə deməkdir?

Ekspertlər hesab edirlər ki, sosial şəbəkələr aşağıdakı funksiyaları məhdudlaşdırmalıdır:

sonsuz xəbər lentləri;

avtomatik video oynatma;

istifadəçini platformada saxlamağa yönəlmiş alqoritmlər;

davamlı "push" bildirişləri;

diqqəti manipulyasiya edən interfeys elementləri.

Bu dəyişikliklər həyata keçirildiyi halda platformaların xüsusilə uşaqlar və yeniyetmələr üçün daha təhlükəsiz olacağı bildirilir.

ENA.az-a danışan ekspert hesab edir ki, Avropa İttifaqında formalaşan yeni yanaşma rəqəmsal tənzimləmədə mühüm dönüş nöqtəsi sayıla bilər. İndiyədək əsas müzakirə "uşaqlar sosial şəbəkələrdən istifadə etməlidirmi?" sualı ətrafında aparılırdısa, indi diqqət "platformalar necə dizayn edilməlidir?" məsələsinə yönəlir.

Bu yanaşma məsuliyyəti valideynlərdən və istifadəçilərdən daha çox texnologiya şirkətlərinin üzərinə qoyur. Əgər bu model qanunvericilikdə öz əksini tapsa, gələcəkdə Meta, TikTok, Snapchat və digər platformalar məhsullarının təhlükəsizliyini əvvəlcədən sübut etməli olacaqlar.

Ekspertlərin fikrincə, bu yanaşma yalnız uşaqların deyil, bütün istifadəçilərin rəqəmsal mühitdə daha sağlam və təhlükəsiz təcrübə əldə etməsinə şərait yarada bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)