Bank

AMB inflyasiyanın "kodlarını" açdı: Qiymət artımını nə sürətləndirir, nə isə cilovlayır?

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonu üzrə illik inflyasiyanı 6,1% proqnoz edir. Yəni ilin sonunadək Azərbaycanda mal və xidmətlərin qiymətlərinin orta hesabla 6,1% artacağı gözlənilir. Təsəvvür edək ki, bu gün 1 çörək 1 manatdır, əgər ilin sonunda inflyasiya 6,1% olarsa, həmin çörəyin qiyməti orta hesabla təxminən 1 manat 6 qəpik ola bilər. 2027-ci il üzrə isə inflyasiya 5,8% proqnozlaşdırılır. İlk baxışda bu proqnoz nikbin görünür.

Eyni vaxtda sənaye istehsalçılarının qiymət indeksi (istehsalçı maya dəyəri-red) son bir ildə 26,8%, mədənçıxarma sektorunda isə 30,8% artıb. Belə olan halda sual yaranır: İstehsal xərcləri bu qədər yüksəlirsə, AMB niyə bahalaşmanı cəmi 5-6% səviyyəsində qalacağını gözləyir? Məhz bu suallara aydınlıq gətirmək üçün ENA.az Mərkəzi Bankın rəhbərliyinə iki əsas sual ünvanladı.

Birinci sual: AMB niyə inflyasiya proqnozunda bu qədər nikbindir?

İnflyasiyanı artıran iki əsas amil

AMB sədri Taleh Kazımovun cavabı əslində Mərkəzi Bankın inflyasiya modelini anlamaq baxımından çox mühüm idi. Onun sözlərinə görə, Mərkəzi Bank üçün əsas məqsəd məzənnəni sabit saxlamaq deyil, qiymət sabitliyini qorumaqdır. Sabit məzənnə isə bu məqsədə çatmaq üçün istifadə olunan əsas alətlərdən biridir. Kazımov inflyasiyaya təsir edən amilləri iki qrupa ayırdı.

“İnflyasiyaya artırıcı təsir edən tiracarət tərəfdaşlarında olan inflyasiyadır və ikinci bizim xərc amilləridir. Hansı ki, əsasən də kənd təsərrüfatı istehsalçı indekslərində bunu görürük. Azaldıcı amil isə Azərbaycanda nominal effektiv məzənnədir. Yəni enerji daşıyıcılarının qiyməti dünya enerji bazarında artanda dollar indeksi bahalaşır. Dollar indeksinin bahalaşması o deməkdir ki, Azərbaycan manatı digər valyutalara qarşı möhkəmlənir. Biz ticarət tərəfdaşlarımızdan idxal etdiyimiz valyutada nisbətdə manat möhkəmlənir. Bunun sayəsində də biz daha az inflyasiyanı idxal edirik. Nəzərə almaq lazımdır ki, bizim qeyri-neft qaz idxalımızın 80 faizi enerji daşıyıcıları idxal edən ticarət tərəfdaşlarından gəlir” – deyə Taleh Kazımov bildirib.

Beləliklə, birinci amil Azərbaycanın əsas ticarət tərəfdaşlarında qiymət artımıdır. Azərbaycan istehlak etdiyi məhsulların mühüm hissəsini idxal etdiyindən xaricdə baş verən bahalaşma gec-tez daxili bazara da ötürülür. İqtisadi ədəbiyyatda bu proses "idxal olunan inflyasiya" adlanır.

İkinci amil isə daxili istehsal xərcləridir. AMB rəhbərinin sözlərinə görə, burada əsas göstərici məhz kənd təsərrüfatı istehsalçı qiymətləridir. Bunun səbəbi sadədir. Ərzaq məhsulları istehlak səbətində böyük paya malikdir. Ona görə də kənd təsərrüfatında maya dəyərinin artması mağazalardakı qiymətlərə digər sahələrdən daha tez ötürülür. Taleh Kazımovun sözlərinə görə, inflyasiyanı azaldan əsas amillərdən biri nominal effektiv məzənnədir.Bu termin ilk baxışda mürəkkəb görünə bilər.

Əslində isə məntiq sadədir, Azərbaycan manatı yalnız dollara qarşı deyil, həm də avro, türk lirəsi, Rusiya rublu, Çin yuanı və digər əsas ticarət tərəfdaşlarının valyutalarına qarşı müəyyən dəyərə malikdir. Bu valyutaların ümumi hərəkəti nəzərə alınmaqla hesablanan göstəriciyə nominal effektiv məzənnə deyilir. Məsələn, dünya bazarında neft və qaz bahalaşdıqda ABŞ dolları adətən digər valyutalara qarşı güclənir. Dollar qarşısında sabit qalan manat isə nəticədə avro, lirə və digər valyutalara nisbətən möhkəmlənmiş olur. Nəticədə Azərbaycan həmin ölkələrdən idxal etdiyi malları əvvəlkindən daha sərfəli qiymətə ala bilir. Sadə dillə desək, manatın digər valyutalara qarşı güclənməsi xaricdən Azərbaycana "gələn inflyasiyanın" bir hissəsini neytrallaşdırır.

Taleh Kazımovun açıqladığı daha bir vacib detal budur ki, Azərbaycanın qeyri-neft-qaz idxalının təxminən 80 faizi enerji idxal edən ticarət tərəfdaşlarından gəlir. Bu səbəbdən həmin ölkələrin valyutalarındakı dəyişikliklər Azərbaycana idxal olunan inflyasiyanın həcminə birbaşa təsir göstərir.

İkinci sual: "Sənaye istehsalçılarının qiymət indeksi son bir ildə 26,8%, mədənçıxarma sektorunda isə 30,8% artıb. Bunun fonunda istehlak inflyasiyasının 5,8% səviyyəsində qalmasını necə izah etmək olar? İstehsal xərclərinin istehlak bazarına ötürülməsi gecikir, yoxsa bu artımı məzənnə sabitliyi kompensasiya edir?"

Bu sualın cavabı AMB-nin Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov tərəfindən verildi. Onun sözlərinə görə, sənaye istehsalçılarının qiymətlərindəki yüksək artımın əsas mənbəyi mədənçıxarma sektorudur. Başqa sözlə, burada əsas rol neft və qazın dünya bazarında bahalaşmasına məxsusdur.

Niyə istehsalçı qiymətlərindəki 26,8% artım mağazalara eyni həcmdə ötürülmür?

Burada iqtisadi baxımdan vacib fərq ortaya çıxır. Neft və qazın qiyməti artdıqda bu, istehlak mallarına birbaşa təsir etmir. Əvvəlcə enerji qiymətləri yüksəlir, sonra istehsal xərcləri artır. Daha sonra bu proses Azərbaycanın ticarət tərəfdaşlarında inflyasiyanı yüksəldir. Yalnız bundan sonra həmin təsirin bir hissəsi idxal olunan mallar vasitəsilə Azərbaycan bazarına ötürülür. Başqa sözlə, cənab Ələsgərov qeyd edir ki, sənaye istehsalçı qiymətləri ilə istehlak inflyasiyası arasında avtomatik və eyni sürətlə işləyən əlaqə yoxdur.

AMB sədri Taleh Kazımov bildirib: “Ötürücülük ilə bağlı mal və xidmətlərin səbətinə və həmin səbətdəki payına baxılır. Kənd təsərrüfatı istehsalçı qiymət indeksi daha rahatdır, çünki ərzaq səbətdə böyük paya malikdir”

Niyə AMB kənd təsərrüfatını daha yaxından izləyir?

Taleh Kazımovun və Azər Ələsgərovun cavablarından çıxan ən mühüm nəticələrdən biri də budur. Mərkəzi Bank inflyasiyanı proqnozlaşdırarkən sənaye istehsalçı qiymətlərindən daha çox kənd təsərrüfatı istehsalçı qiymətlərini izləyir. Səbəb ondan ibarətdir ki, kənd təsərrüfatı məhsulları birbaşa ərzaq bazarına daxil olur və istehlak səbətində böyük çəkiyə malikdir (hansı çəkiyə açıqlanmır-red). Yəni fermerin xərcində baş verən dəyişiklik çox qısa müddətdə alıcının ödədiyi qiymətdə hiss oluna bilər. Neftin bahalaşması isə istehlak bazarına əsasən dolayı kanallarla təsir edir.

Bu iki suala verilən cavablar göstərir ki, Mərkəzi Bank inflyasiyaya təkcə pul siyasəti prizmasından baxmır. Əslində AMB inflyasiyanı dörd əsas kanal üzrə qiymətləndirir:

  • ticarət tərəfdaşlarında inflyasiya;
  • kənd təsərrüfatı istehsalçı qiymətlərində dəyişiklik;
  • nominal effektiv məzənnə vasitəsilə idxal olunan inflyasiya;
  • qlobal enerji bazarındakı qiymət dinamikası.

Beləliklə, Azərbaycanda inflyasiyanın taleyini yalnız daxili bazar müəyyən etmir. Xarici iqtisadi mühit, valyuta məzənnələrinin dinamikası və ərzaq istehsalındakı xərc dəyişiklikləri də vacib rol oynayır.

AMB hansı siqnalı verdi?

Açıqlamalardan çıxan ən mühüm mesaj budur ki, Mərkəzi Bank hazırda inflyasiya risklərinin mənbəyini sənayedən daha çox ərzaq sektorunda və xarici qiymət şoklarında görür. Bu yanaşma həm də izah edir ki, niyə sənaye istehsalçılarının qiymətləri 26,8% artsa da, AMB istehlak inflyasiyasının ilin sonunda 6,1%, gələn il isə 5,8% səviyyəsində qalacağını proqnozlaşdırır. Əgər nominal effektiv məzənnə idxal olunan inflyasiyanı yumşaltmağa davam edər, kənd təsərrüfatı istehsalçı qiymətlərində kəskin sıçrayış baş verməz və qlobal inflyasiya təzyiqləri zəifləyərsə, Mərkəzi Bankın nikbin proqnozlarının reallaşma ehtimalı yüksələcək. Lakin ərzaq istehsalında xərc artımları sürətlənər və ya əsas ticarət tərəfdaşlarında yeni inflyasiya dalğası yaranarsa, AMB-nin hazırkı proqnozları üçün əsas risklər də məhz həmin kanallardan formalaşa bilər.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)