Sosial

42 min nəfər: Azərbaycanda narkotik bazarının görünməyən iqtisadi itkiləri nə qədərdir?

Dünyada narkotikdən ölüm hallarının artması yenidən qlobal gündəmə gəlib. Bəs Azərbaycanda vəziyyət necədir? Son rəqəmlər göstərir ki, ölkədə narkotiklə bağlı cinayətlərin sayı azalsa da, problem iqtisadiyyat üçün yalnız hüquq-mühafizə məsələsi olaraq qalmır. Söhbət itirilən insan kapitalından, əmək məhsuldarlığından, səhiyyə və sosial xərclərdən, eləcə də milyonlarla manatlıq qeyri-qanuni bazardan gedir.

Narkotik asılılığı haqqında danışanda adətən ilk ağla gələn sözlər səhiyyə, cinayət və təhlükəsizlik olur. Amma məsələnin daha az görünən tərəfi var: narkomaniya həm də iqtisadi problemdir.

Çünki narkotik asılılığı bir insanın sağlamlığını itirməsi ilə bitmir. Əmək bazarında məhsuldarlığın azalması, iş qabiliyyətinin itirilməsi, ailənin gəlirinin aşağı düşməsi, səhiyyə və reabilitasiya xərclərinin artması, hüquq-mühafizə sisteminə əlavə yük və qeyri-qanuni maliyyə dövriyyəsinin genişlənməsi kimi nəticələr yaradır.

Məhz buna görə dünyanın müxtəlif ölkələrində narkotik probleminə artıq yalnız kriminalistika prizmasından deyil, insan kapitalı və iqtisadi itkilər prizmasından da baxılır.

31 avqust — Beynəlxalq Doza Həddinin Aşılması barədə Maarifləndirmə Günündə də bu məsələ yenidən gündəmə gəlib. Beynəlxalq ekspertlərin geniş təhlilində vurğulanır ki, onilliklər boyu davam edən “narkotiklərlə müharibə”yə böyük vəsaitlər xərclənsə də, qlobal narkotik bazarı yox olmayıb; əksinə, yeni sintetik maddələr və yeni satış kanalları problemin strukturunu dəyişib.

Azərbaycanda son rəqəmlər nə deyir?

Azərbaycan üzrə ən son rəsmi statistika göstərir ki, narkotik problemi kiçik miqyaslı hadisə deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında ölkədə 15 420 cinayət qeydə alınıb və onların 4 460-ı, yaxud 28,9%-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% azdır. Yəni ilk baxışdan müsbət dinamika var. Amma problemin miqyasını başqa rəqəmlər göstərir.

Dövlət Komissiyasının məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında hüquq-mühafizə orqanları tərəfindən 4 963 narkotiklə bağlı cinayət faktı aşkarlanıb. Onların 1 250-si qanunsuz satış, 3 613-ü isə narkotiklərin qanunsuz əldə edilməsi və saxlanılması ilə bağlı olub. Deməli, aşkarlanan faktların böyük hissəsi hələ də narkotikin satışından yox, əldə edilməsi və saxlanılmasından ibarətdir. Bu isə problemin təkcə narkotik ticarəti deyil, tələb tərəfi olduğunu göstərən mühüm siqnaldır.

6,2 ton narkotik dövriyyədən çıxarılıb

2026-cı ilin ilk yeddi ayında qanunsuz dövriyyədən 6 ton 223 kiloqramdan çox narkotik və psixotrop maddə çıxarılıb. Müqayisə üçün, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin bütün ili ərzində müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların və narkotik tərkibli bitkilərin ümumi çəkisi 11,54 ton olub. Bu, əvvəlki ilin eyni dövründəkin 23,7% çoxdur.

Yəni 2026-cı ilin cəmi yeddi ayında müsadirə olunan narkotiklərin həcmi artıq 2025-ci ildəki illik göstəricinin yarısından çoxuna çatıb. Daha vacib məqam isə təkcə çəkisi deyil, pul ifadəsidir.

Dövlət Komissiyasının məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında dövriyyədən çıxarılan 5,5 tona yaxın narkotik və psixotrop maddənin ümumi dəyəri 166 milyon manat qiymətləndirilib. Bu rəqəmi Azərbaycan iqtisadiyyatı üçün birbaşa “itki” kimi qəbul etmək olmaz, söhbət qanunsuz bazarın qiymətləndirilməsindən gedir. Amma bu rəqəm problemin iqtisadi ölçüsünü göstərmək üçün çox vacibdir:166 milyon manatlıq qeyri-qanuni bazar dövriyyədən çıxarılıb. Və bu, yalnız müsadirə olunan hissənin qiymətləndirilməsidir.

Narkotik bazarı həm də pul bazarıdır

İqtisadiyyatın fundamental qaydalarından biri budur: tələb varsa, təklif yaranır. Narkotik bazarında da eyni mexanizm işləyir. Burada söhbət qanuni bazardan getmir. Bu bazarın gəlirləri vergiyə cəlb olunmur, şəffaf maliyyə sistemindən keçmir və onun yaratdığı əlavə dəyər milli gəlirin statistik strukturunda görünmür.

Əksinə, narkotik bazarının yaratdığı pul axını cinayətkar şəbəkələrin maliyyələşməsinə, korrupsiya risklərinə və digər qeyri-qanuni fəaliyyətlərə xidmət edə bilər.

UNODC-nin son hesabatlarında da narkotik ticarətinin təşkilatlanmış cinayət qrupları üçün böyük gəlir mənbəyi olaraq qaldığı vurğulanır. Qurumun 2025-ci il hesabatında bəzi əsas narkotik marşrutları üzrə milyardlarla dollarlıq illik gəlirdən bəhs edilir.

Bu baxımdan Azərbaycan üçün məsələ yalnız “nə qədər narkotik müsadirə etdik?” sualı deyil.

Əsas suallardan biri də budur ki, bu bazarın iqtisadi ölçüsü nə qədərdir və onun qarşısının alınması üçün dövlət nə qədər resurs xərcləyir?

Bu rəqəm tam açıqlanmadığı üçün hazırda Azərbaycanın narkotik probleminin ÜDM-ə təsirini dəqiq hesablamaq mümkün deyil.

Ən böyük xərc isə narkotikin öz qiyməti deyil

Narkotik probleminin iqtisadi qiymətini yalnız müsadirə edilmiş narkotiklərin bazar dəyəri ilə ölçmək yanlış olar. Əsl xərc insan kapitalındadır. Azərbaycan iqtisadiyyatının əsas resurslarından biri əmək qabiliyyətli əhalidir. Bir insan narkotik asılılığı səbəbindən əmək bazarından kənarlaşırsa, iqtisadiyyat yalnız həmin şəxsin gəlirini itirmir. İtkilər zəncirvari olur: iş qabiliyyəti → əmək məhsuldarlığı → ailə gəliri → istehlak → vergi gəlirləri → sosial xərclər.

Dövlət Statistika Komitəsinin 2025-ci ilin yekunları üzrə məlumatları göstərir ki, narkomaniya diaqnozu ilə qeydiyyatda olanlar 42 624 nəfərdir. Narkotiklərin epizodik qəbulu üzrə qeydiyyatda olanlar isə 8 895 nəfər təşkil edir. 2024-cü ildə bu rəqəm 40 490 nəfər, 2023-cü ildə 36 659 nəfər idi. Başqa sözlə, bir il ərzində qeydiyyatda olan narkomaniya xəstələrinin sayı 2 mindən çox artır. Bu rəqəm iqtisadiyyat üçün çox ciddi siqnaldır. Çünki söhbət artıq yalnız hüquq-mühafizə orqanlarının aşkarladığı cinayət faktlarından yox, səhiyyə sistemində qeydə alınan insanlardan gedir.

Gənclər məsələnin ən bahalı tərəfidir

Narkotik probleminin iqtisadi qiymətini hesablayarkən yaş strukturu xüsusilə vacibdir.

2025-ci ildə narkotiklərlə bağlı cinayətlərə görə müəyyən edilmiş şəxslərin 21,1%-i 14–29 yaşlı şəxslər olub:

14–17 yaş: 0,3%;

18–24 yaş: 6,5%;

25–29 yaş: 14,6%.

78,6% isə 30 yaşdan yuxarı şəxslər olub.

Burada iqtisadi problem daha aydın görünür. 18–29 yaş aralığı insan kapitalının formalaşdığı, təhsil aldığı, əmək bazarına daxil olduğu və gələcək əmək məhsuldarlığının qurulduğu dövrdür. Bu yaş qrupunda narkotik asılılığının artması həm də gələcək əmək məhsuldarlığı problemidir. Başqa sözlə, narkomaniyanın iqtisadi qiymətinin əhəmiyyətli hissəsi balanslarda görünməyən gələcək gəlirlərdir.

İşləməyən və oxumayanların payı da diqqət çəkir

2025-ci ildə narkotiklə bağlı cinayət törədən şəxslərin 60,9%-i əmək qabiliyyətli yaşda olub, lakin işləməyib və təhsil almayıb. Bu göstərici ilə narkotik problemi arasında birbaşa səbəb-nəticə əlaqəsi qurmaq olmaz. Yəni “işsiz olmaq narkotik istifadəsinə səbəb olur” demək statistik baxımdan doğru olmaz. Amma iqtisadi baxımdan çox mühüm bir kəsişmə var: əmək bazarından və təhsildən kənarda qalan əhalinin narkotiklə bağlı cinayət riski daha yüksəkdir.

Bu səbəbdən narkomaniyaya qarşı siyasətin yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşması iqtisadi baxımdan da kifayət etmir. Çünki problemin bir hissəsi insan kapitalının itirilməsi ilə bağlıdır.

Bəs Azərbaycanda narkotikdən ölüm artır?

Burada xüsusilə diqqətli olmaq lazımdır. Azərbaycanın son rəsmi açıq statistikasında 2026-cı il üzrə “narkotikdən ölüm” və ya “overdose” göstəricisinin ayrıca, operativ şəkildə yayımlandığını görmək mümkün deyil.

Beynəlxalq müqayisə üçün isə Our World in Data-nın WHO məlumatlarına əsaslanan hesablamasında Azərbaycanda 2023-cü ildə narkotik istifadəsi ilə əlaqəli 713 ölüm göstərilir. Eyni mənbə Azərbaycanda narkotik istifadəsi ilə bağlı ölüm əmsalını 1980-ci ildə 100 min nəfərə 0,3, 2023-cü ildə isə 0,4 kimi qiymətləndirir.

Ümumdünya Səhiyyə Təşkilatının son qlobal qiymətləndirməsində isə 2019-cu ildə psixoaktiv maddələrin istifadəsi ilə əlaqəli təxminən 600 min ölüm hesablanıb.

Deməli, Azərbaycan üçün ən son açıq rəqəmlər bizə “ölüm epidemiyası” elan etməyə əsas vermir. Amma narkotik probleminin miqyasını yalnız ölüm statistikası ilə ölçmək olmaz. Çünki ölüm baş verməmişdən əvvəl iqtisadi zərər başlayır.

Əsl iqtisadi sual budur: bir insanın itirilməsinin qiyməti nə qədərdir?

Tutaq ki, 25 yaşlı bir insan narkotik asılılığı səbəbindən əmək bazarından uzun müddət kənarda qalır. İqtisadiyyat nə itirir?

Onun potensial əmək gəliri.

İstehsal etdiyi məhsul və xidmətlər.

Ödəyəcəyi vergilər.

Ailəsinin gəliri.

Səhiyyə sisteminin müalicə xərcləri.

Reabilitasiya xərcləri.

Bəzən sosial yardım xərcləri.

Əgər cinayət törədibsə, hüquq-mühafizə və məhkəmə sisteminin xərcləri.

Əgər həbs olunubsa, penitensiar sistemin saxlanma xərcləri.

Yəni bir narkotik asılılığının iqtisadi qiyməti bir narkotik maddəsinin qiymətindən qat-qat böyükdür. Bu səbəbdən mübarizənin effektivliyini necə ölçməliyik?

Burada maraqlı bir iqtisadi yanaşma ortaya çıxır. Narkotiklərlə mübarizənin nəticəsini yalnız “nə qədər narkotik müsadirə edildi?” və ya “neçə nəfər saxlanıldı?” sualı ilə ölçmək kifayət deyil. Daha vacib göstəricilər - narkotik asılılığı ilə ilk dəfə qeydə alınanların sayı, müalicəyə müraciət edənlərin sayı, təkrar asılılığa qayıtma göstəricisi, narkotikdən ölüm və overdose statistikası, əmək bazarına qayıdan müalicə olunmuş şəxslərin sayı, gənclər arasında narkotik istifadəsinin yayılması, narkotiklə bağlı cinayətlərin təkrar törədilməsi, narkotik bazarının maliyyə həcmi, profilaktika və müalicəyə ayrılan vəsaitin nəticəsidir. Çünki iqtisadiyyat üçün ən yaxşı nəticə ən çox narkotikin müsadirə edilməsi deyil. Ən yaxşı nəticə narkotikə olan tələbin azalmasıdır.

Azərbaycan hansı mərhələdədir?

Azərbaycanın 2026-cı ilin ilk yeddi ayının statistikası bir tərəfdən hüquq-mühafizə fəaliyyətinin geniş miqyasını göstərir. Digər tərəfdən, problemin hələ də ciddi olduğunu göstərən rəqəmlər qalır. İlin ilk yarısında narkotiklə bağlı cinayətlərin sayı 4,4% azalıb. Lakin eyni zamanda 2026-cı ilin ilk yeddi ayında 4 963 cinayət faktı, o cümlədən 1 250 satış faktı aşkarlanıb. Bu rəqəmləri bir cümlə ilə belə ifadə etmək olar ki, təklifə qarşı mübarizə davam edir, amma tələb də qüvvəsindədir. Və iqtisadi baxımdan ən çətin hissə məhz budur. Çünki bazarın təklif tərəfini sıxmaq mümkündür.

Narkotik probleminin iqtisadi hesabı hələ aparılmayıb

Azərbaycan üçün maraqlı və vacib araşdırma istiqamətlərindən biri də məhz budur: narkomaniya ölkəyə ildə neçə milyon manat başa gəlir?Hazırda açıq rəsmi məlumatlar bu komponentlərin hamısını birləşdirərək Azərbaycanın narkotik probleminin illik iqtisadi qiymətini hesablamağa imkan vermir. Mövcud rəqəmlər bir şeyi artıq göstərir ki, bu problem yalnız narkotiklə mübarizə aparan hüquq-mühafizə orqanlarının problemi deyil. Bu, səhiyyənin, əmək bazarının, insan kapitalının və nəticə etibarilə iqtisadi artım problemidir.

Dünyada narkotik bazarı dəyişir. Sintetik maddələr, onlayn satış kanalları və yeni istehlak formaları narkotik problemini əvvəlki dövrlərdən fərqləndirir. UNODC-nin 2026-cı il məlumatlarında da bir çox ölkədə narkotiklə bağlı ölümlərin artdığı, opioidlərin birbaşa narkotik ölümlərində əsas maddə olaraq qaldığı, eyni zamanda yeni sintetik maddələrin risk yaratdığı vurğulanır.

Bizim üçün əsas sual budur ki, Azərbaycan neçə insanı narkotikdən xilas edə bilir və həmin insanları nə qədər sürətlə təhsilə, əmək bazarına və normal iqtisadi həyata qaytara bilir?

Çünki narkotiklə mübarizədə ən böyük iqtisadi qazanc bir kiloqram narkotikin müsadirəsi deyil. Ən böyük qazanc bir insanın itirilməsinin qarşısını almaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)