Birja

Neftin qiyməti Səudiyyə Ərəbistanının tədarükü artırması ilə ucuzlaşıb (23.09.2026)

Neftin qiyməti Səudiyyə Ərəbistanının tədarükü artırması və ABŞ-İran münaqişəsinin diplomatik yolla həllinə dair gözləntilərin güclənməsi fonunda geriləyib.

ENA.az xəbər verir ki, “Brent” markalı neftin qiyməti 0,07% azalaraq bir barel üçün 99,18 dollara, Qərbi Texas nefti (WTI) isə 0,39% ucuzlaşaraq 90,17 dollara düşüb.

Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərində əməliyyatları yenidən bərpa etməsi Yaxın Şərqdən neft tədarükünün artacağına dair gözləntiləri gücləndirib. Riyadın sentyabrın 11-də hücumlar səbəbindən kəmərin fəaliyyətini dayandırdığı bildirilmişdi.

Bununla yanaşı, Nyu-Yorkda ABŞ və İran nümayəndələri arasında danışıqların keçirilməsi münaqişənin diplomatik yolla həllinə dair ümidləri artırıb. Bu amillər neft bazarında tədarük risklərinin azalacağı gözləntilərini gücləndirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)