Sənaye

İran 20 minlik PUA ilə 4 milyonluq “Patriot”u sıradan çıxarır

Hərbi sənaye ən bahalı sahələrdən biridir və müharibələrin maliyyə dəyəri kifayət qədər yüksək rəqəmlərlə müşayət olunur. İran ilə ABŞ və müttəfiqləri arasında hərbi toqquşmalar üçüncü gününə daxil olarkən, qarşıdurma artıq açıq şəkildə “tükətmə strategiyası” xarakteri alıb. Şənbə günü ABŞ və İsrailin İran ərazisinə endirdiyi hava zərbələri ilə başlayan proses fonunda rəsmi Tehran bölgədəki ABŞ hərbi bazalarını, enerji infrastrukturunu və yaşayış məntəqələrini zərbə altına almaqda davam edir.

Ucuz PUA-lar bahalı müdafiə sistemlərini tükəndirir

İranın istifadə etdiyi Shahed-136 tipli pilotsuz uçuş aparatları (PUA) aşağı maya dəyərinə baxmayaraq ciddi strateji üstünlük yaradır. Bir ədəd belə PUA-nın təxminən 20 min dollara başa gəldiyi bildirilir. Halbuki onun məhv edilməsi üçün istifadə olunan ABŞ istehsalı Patriot hava hücumundan müdafiə raketinin dəyəri 4 milyon dollara qədər yüksəlir.

Vaşinqtonda yerləşən Stimson Center analitik mərkəzinin baş analitiki Kelly Grieco bildirib ki, İranın əsas məqsədi müdafiə tərəfinin sursat ehtiyatını tükəndirmək və Körfəz ölkələrinin siyasi iradəsini zəiflətməkdir. Onun sözlərinə görə, bu yanaşma Tehran üçün əməliyyat baxımından məntiqli yıpratma strategiyasıdır.

Qətərin ehtiyatı cəmi 4 günə çata bilər

Bloomberg News tərəfindən əldə edilən daxili təhlilə əsasən, hücumların hazırkı intensivliyi davam edərsə, Qətərin əlindəki Patriot raket ehtiyatı cəmi 4 gün kifayət edə bilər. Bu vəziyyət Dohanın münaqişənin tezliklə dayandırılması üçün diplomatik səylərini artırmasını izah edir.

İlk 48 saatda qeydə alınan sursat intensivliyi də diqqət çəkir:

  • BƏƏ – 16 raket, 554 PUA

  • Küveyt – 9 raket, 728 PUA

  • Qətər – 6 raket, 512 PUA

  • Bəhreyn – 4 raket, 59 PUA

  • İordaniya – 1 raket, 336 PUA

İranın strategiyası və ehtimal olunan növbəti mərhələ

Analitiklərin hesablamalarına görə, İran ilin əvvəlindən bu yana 1200-dən çox müxtəlif tipli sursatdan istifadə edib və onların böyük hissəsini ucuz dronlar təşkil edir. Ehtimal olunur ki, Tehran daha dağıdıcı gücə malik ballistik raketlərini müharibənin sonrakı mərhələləri üçün saxlayır.

İranın xarici işlər naziri Abbas Araghchi isə açıqlamasında hərbi bölmələrin mülki rəhbərlikdən müstəqil şəkildə, əvvəlcədən verilmiş təlimatlar əsasında fəaliyyət göstərdiyini bildirib.

Müharibənin gələcəyi

ABŞ müdafiə naziri Pete Hegseth əməliyyatın məhdud xarakter daşıyacağını bildirərək, bunun “İraq tipli uzunmüddətli müharibəyə çevrilməyəcəyini” deyib. Lakin əsas sual sursat və logistika imkanları ilə bağlıdır.

Məlumatlara görə, İranın hava hücumundan müdafiə sistemləri, o cümlədən S-300 kompleksləri müharibənin ilk saatlarında sıradan çıxarılıb və ABŞ-İsrail təyyarələri İran hava məkanında sərbəst fəaliyyət göstərə bilir. Buna baxmayaraq, hücum tərəfi üçün İranın dron istehsal gücü Qərbin bahalı müdafiə raketlərini istehsal sürətini üstələyir və bu da qarşıdurmanı uzunmüddətli yıpratma savaşına çevirə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)