Zirvədə İran bankı sürprizi: Bankların əsl gücünü göstətən - ROA REYTİNQİ
Bank sektorunda reytinqlər çox vaxt həcmlə ölçülür — kim daha çox qazanır, kim bazara daha çox nəzarət edir. Amma bu siyahı başqa bir həqiqəti göstərir: kim daha effektiv işləyir.
2026-cı ilin I rübü üzrə ROA (aktivlərin gəlirliliyi) reytinqi maraqlı mənzərə ortaya qoyur. Siyahının zirvəsində gözlənilməz ad var — Bank Melli İran Bakı filialı (4.4%). Onu Kapital Bank (4.1%) və ABB (3.1%) izləyir. Yəni bazarın ən böyük oyunçuları yalnız həcmə görə deyil, effektivliyə görə də ilk sıralarda qalmağı bacarır.
Əvvəlcə baxaq ROA nədir?
Return on Assets – aktivlərin gəlirliliyi bankın və ya şirkətin mövcud aktivlərindən nə qədər səmərəli qazanc əldə etdiyini göstərən əsas göstəricidir. Sadə desək, bankın əlində olan hər 1 manat aktiv ona nə qədər qazanc gətirir?
ROA nə qədər yüksəkdirsə, deməli bank aktivlərini bir o qədər effektiv idarə edir, resurslardan istifadə optimallaşdırılıb, biznes modeli daha “yüngül və çevik”dir.
Aşağı ROA isə aktivlərin passiv və ya düzgün yönləndirilmədiyini, xərclərin yüksək, gəlirin isə nisbətən aşağı olmasından xəbər verir.
Lider və orta pillə
Bank Melli İran Bakı filialının lider olmasının səbəbinə gəlincə, bu, İranla ticarət, ixrac–idxal əməliyyatlarının artması fonunda formalaşan yüksək marja ilə bağlıdır.
Bəzi iri banklar mənfəət həcminə görə lider olsalar da, ROA baxımından daha aşağı pillələrdə qərarlaşır. Məsələn, PAŞA Bank (2.1%) orta sıralarda yer alır. Bu isə göstərir ki, böyük aktiv bazası həmişə yüksək effektivlik demək deyil.
Orta seqmentdə ümumiyyətlə rəqabət daha sıxdır. AccessBank (2.9%), Bank of Baku (2.7%), Bank Respublika (2.6%) kimi banklar aktivlərdən istifadə baxımından kifayət qədər balanslı mövqe nümayiş etdirir. Bu banklar daha çevik və fokuslanmış strategiyalar hesabına yüksək ROA əldə edə bilirlər.
Sonluqda kimlər var?
Siyahının aşağı hissəsində isə artıq risk siqnalları görünür. AFB Bank (0.9%), Azər Türk Bank (0.8%), Yapı Kredi Bank Azərbaycan (0.7%) kimi banklarda aktivlərin gəlirliliyi xeyli aşağıdır. Ən diqqət çəkən məqam isə Bank Avrasiya (-1.8%) ilə bağlıdır — mənfi ROA bankın aktivlərindən effektiv istifadə edə bilmədiyini və zərər etdiyini göstərir.
|
Banklar |
ROA (%) |
|
1. Bank Melli İran Bakı filialı |
4.4% |
|
2. Kapital Bank ASC |
4.1% |
|
3. ABB ASC |
3.1% |
|
4. AccessBank QSC |
2.9% |
|
5. Bank of Baku ASC |
2.7% |
|
6. Bank Respublika ASC |
2.6% |
|
7. Premium Bank ASC |
2.2% |
|
8. Bank VTB (Azərbaycan) ASC |
2.1% |
|
9. PAŞA Bank ASC |
2.1% |
|
10. Expressbank ASC |
2.0% |
|
11. Yelo Bank ASC |
1.8% |
|
12. Ziraat Bank Azərbaycan ASC |
1.5% |
|
13. Unibank KB ASC |
1.5% |
|
14. Rabitəbank ASC |
1.5% |
|
15. TuranBank ASC |
1.3% |
|
16. Xalq Bank ASC |
1.2% |
|
17. AFB Bank ASC |
0.9% |
|
18. Azər Türk Bank ASC |
0.8% |
|
19. Azərbaycan Sənaye Bankı ASC |
0.8% |
|
20. Yapı Kredi Bank Azərbaycan QSC |
0.7% |
|
21. Bank Avrasiya ASC |
-1.8% |

















