"PAŞA Bank"ın müştəri hesablarında valyuta yığımları artıb, manat qalıqları azalıb
PAŞA Bankın müştəri hesablarında valyuta qalıqları 36 faiz artıb, manat vəsaitləri isə azalıb. ENA.az-ın bunun səbəbləri və vəsaitlərin hansı sektoru əhatə etməsi ilə bağlı sualını bankın Baş maliyyə inzibatçısı Murad Süleymanov cavablandırıb.
Onun sözlərinə görə, hesablarda yığılan valyuta vəsaitləri neft sektorunda deyil, qeyri-neft sektorunda çalışan şirkətlərə məxsusdur. Xüsusən də istehsalat sektoruna aiddir. Ümumilikdə isə bankda likvidlik yüksəkdir və hətta ani likvidlik göztəricisi minimum normadan 2 dəfə çox olaraq 60 faizə yaxınlaşır.
M.Süleymanov bildirib ki, PAŞA Bank son iki ay ərzində Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərraclarında iştirak etməyib. Onun sözlərinə görə, hazırda bazarda valyuta təklifi tələbi üstələyir. PAŞA Bankın İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyev isə qeyd edib ki, mövcud vəziyyət əsasən mövsümi amillərlə bağlıdır və qarşıdakı dövrdə dollara tələbin yenidən artması müşahidə ediləcək.
O bildirib ki, bazar özünü normal və məhsuldar şəkildə tənzimləyir.
“İlin növbəti dövrlərində həm neft, həm də qeyri-neft sektoru üzrə valyutaya tələbatın artacağını gözləyirik. Bu da ümumi makroiqtisadi dinamika ilə bağlıdır”, – deyə C.Quliyev əlavə edib.


















