Seymur Səfərli: "Qoyunçuluğun inkişafı üçün 300 yeni təsərrüfat yaradılacaq"
Azərbaycanda qoyunçuluğun inkişafı məqsədilə 300 yeni yarımintensiv təsərrüfatın yaradılması planlaşdırılır.
Bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramında qoyun əti istehsalının azı 9 %, qoyunların sayının isə 10 % artırılması nəzərdə tutulur: "Quba, Qusar, Xızı, Siyəzən və Şabran rayonlarının dağlıq və dağətəyi əraziləri qoyunçuluğun inkişafı üçün əlverişli potensiala malikdir. Bu rayonlarda ənənəvi qoyunçuluq təsərrüfatlarının mərhələli şəkildə yarımintensiv modelə keçirilməsi məqsədəuyğun hesab olunur. Bundan əlavə, proqram çərçivəsində 10 yun toplama məntəqəsinin və 1 yun emalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Həmçinin 480 min hektar örüş və otlaq sahəsinin bərpası, eləcə də heyvanların içməli su təminatının yaxşılaşdırılması üçün 100 subartezian quyusunun qazılmasına dəstək veriləcək".


















