67 milyard dollarlıq hədəfi olan DeepSeek investisiya planını dondurdu
Çinin süni intellekt sahəsində fəaliyyət göstərən aparıcı startaplarından biri olan DeepSeek potensial investorlara ikinci maliyyələşdirmə mərhələsini müvəqqəti dayandırdığını bildirib.
ENA.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, şirkət rəhbərliyi ikinci investisiya raundunda iştirak etməyi planlaşdıran bəzi investorlara yaxın günlərdə gözlənilən investisiya müqavilələrinin imzalanmayacağını şifahi şəkildə çatdırıb. Bununla belə, danışıqlar tam dayandırılmayıb və maliyyələşdirmə prosesinin daha sonra yenidən bərpa olunacağı istisna edilmir.
Bloomberg-in məlumatına əsasən, qərarın verilməsinə səbəblərdən biri şirkətin təsisçisi Lyan Venfenin (Liang Wenfeng) investorlarla keçirdiyi görüşdə səsləndirdiyi fikirlərin sosial şəbəkələrdə geniş yayılması olub. Həmin paylaşımlarda onun Çinin süni intellekt sənayesinin vəziyyəti, ABŞ ilə texnoloji rəqabət və Nvidia çiplərindən asılılıq barədə açıqlamalar verdiyi iddia edilir. Şirkət isə bu məlumatların həqiqiliyini rəsmi şəkildə təsdiqləməyib.
Qeyd edək ki, DeepSeek cəmi bir neçə həftə əvvəl ilk xarici investisiya raundunu uğurla başa vuraraq təxminən 7 milyard ABŞ dolları həcmində vəsait cəlb etmişdi. Həmin raundda Tencent, CATL və Çinin Milli Süni İntellekt Sənayesi İnvestisiya Fondu kimi iri investorlar iştirak etmişdilər.
Şirkətin növbəti maliyyələşdirmə mərhələsində isə ən azı 10 milyard yuan əlavə investisiya cəlb etməsi və bazar dəyərinin 480 milyard yuanı (təxminən 67 milyard ABŞ dolları) keçməsi hədəflənirdi.
Bloomberg daha əvvəl də DeepSeek-in ilkin kütləvi səhmləşmə (IPO) üçün hazırlıqlara başladığını və sənədləri bu il təqdim edə biləcəyini yazmışdı. Buna baxmayaraq, son qərarın IPO planlarına necə təsir edəcəyi hələlik məlum deyil.

















