Dövlət Neft Fonduna qızıl üzrə konsentrasiya risklərini qiymətləndirmək tövsiyə edilib
Hesablama Palatası Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) investisiya portfelində qızıl aktivlərinin payının əhəmiyyətli dərəcədə artması fonunda aktivlərin diversifikasiyasının qorunmasını tövsiyə edib.
Palatanın Fondun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatına əsasən, 2025-ci ilin sonunda Fondun investisiya portfelinin dəyəri 73,54 milyard ABŞ dollarına çatıb. Bu, 2024-cü ilin sonu ilə müqayisədə 13,51 milyard ABŞ dolları və yaxud 22,5 % çoxdur. Portfelin strukturunda qızıl aktivlərinin dəyəri 12,35 milyard ABŞ dollarından 28,06 milyard ABŞ dollarına yüksəlib. Beləliklə, qızıl aktivlərinin investisiya portfelində xüsusi çəkisi 38,2 %-ə çataraq ən böyük aktiv sinfinə çevrilib.
Palata investisiya portfelində qızıl aktivlərinin xüsusi çəkisinin qısa müddətdə əhəmiyyətli artaraq portfelin əsas aktiv sinfinə çevrilməsini nəzərə alaraq, aktivlərin diversifikasiyası prinsipinin qorunmasını, qızıl aktivləri üzrə konsentrasiya risklərinin qiymətləndirilməsini və strateji aktiv bölgüsünün mütəmadi yenidən nəzərdən keçirilməsini məqsədəuyğun hesab edib.
Palata həmçinin ölkənin payına düşən karbohidrogenlərin hasilatı və daxilolmaları üzrə proqnozlaşdırma mexanizmlərinin təkmilləşdirilməsini tövsiyə edib. Bildirib ki, 2025-ci ildə Azərbaycanın payına düşən karbohidrogenlərin satışından Fonda 9 milyard 497 milyon manat vəsait daxil olub. Bu göstərici təsdiq edilmiş proqnozdan 300,2 milyon manat və yaxud 3,1 % az olub.
Palata ölkənin payına düşən karbohidrogenlərin hasilat və daxilolma proqnozları ilə faktiki icra göstəriciləri arasında müşahidə olunan fərqləri nəzərə alaraq, proqnozlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi, satış qiymətləri ilə bağlı risklərin effektiv idarə olunması, habelə podratçılarla nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi və bu proseslərin səmərəli icrası üçün aidiyyəti təşkilatlarla koordinasiyanın artırılmasını zəruri hesab edib.


















