Azərbaycanda kapital bazarının inkişafı üçün ADB texniki yardımı təsdiqlədi
Asiya İnkişaf Bankı (ADB) Azərbaycan da daxil olmaqla 43 ölkəni əhatə edəcək kapital bazarının inkişafı proqramı çərçivəsində texniki yardımı təsdiqləyib.
Proqramın maliyyələşdirilməsi üçün Xüsusi Texniki Yardım Fondunun xətti ilə 225 min ABŞ dolları məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
2015–2024-cü illərdə ADB-nin xətti ilə Azərbaycan üçün suveren maliyyələşdirmənin məbləği 2,529 milyard ABŞ dolları təşkil edib. Vəsaitlər 10 layihə çərçivəsində ayrılıb.
Bu məbləğin yarıdan çoxu (51 %) regional əməkdaşlığın və inteqrasiyanın inkişafına yönəldilib ki, bu da yuxarı orta gəlirli ölkələr arasında ən yüksək göstəricilərdən biridir. Vəsaitlərin daha 39 %-i özəl sektorun dəstəklənməsinə, 18 %-i iqlimin maliyyələşdirilməsinə, 10 %-i isə rəqəmsal texnologiyalar sahəsindəki layihələrə yönəldilib.
Müvafiq dövr ərzində qeyri-suveren maliyyələşdirmə çərçivəsində ADB ümumi məbləği 963,9 milyon ABŞ dolları olan doqquz layihəni təsdiqləyib.


















