İqtisadiyyat

Muxtar Babayev: Beynəlxalq iqlim əməkdaşlığı üçün şərtlər son 10 ildə xeyli mürəkkəbləşib

Beynəlxalq iqlim əməkdaşlığı üçün şərtlər 10 il əvvəlkinə nisbətən əhəmiyyətli dərəcədə mürəkkəbləşib.

ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev "2026 Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)" çərçivəsində bildirib.

Onun sözlərinə görə, təxminən 10 il əvvəl Paris Sazişinin qəbulundan sonra iqlim siyasətinin vahid qlobal istiqamətinin formalaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə olunub.

"Lakin bu razılaşmanı həyata keçirməyə çalışdığımız dünya əhəmiyyətli dərəcədə dəyişib. Biz pandemiyanı yaşadıq, münaqişələrin, inflyasiyanın və artan geosiyasi rəqabətin şahidi olduq. Bu gün qlobal hərbi xərclər ildə 3 trilyon dollara yaxınlaşır", - M.Babayev qeyd edib.

O vurğulayıb ki, iqlim dəyişikliyinin nəticələri getdikcə daha çox nəzərəçarpan olur: "Ekstremal istilər şəhərlərimizin dözümlülüyünü sınayır, quraqlıq su təchizatı və ərzaq sistemlərinə təzyiq göstərir, daşqınlar və meşə yanğınları isə çoxillik inkişafın nəticələrini cəmi bir neçə saat və ya gün ərzində məhv edə bilər".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)