BP-nin mənfəəti 18 ilin maksimumuna yüksəlib
Böyük Britaniyanın enerji şirkəti BP-nin 2026-cı ilin üçüncü rübündə düzəliş edilmiş xalis mənfəəti 8,46 milyard dollara çataraq son 18 ilin ən yüksək səviyyəsinə yüksəlib. Mənfəətin artmasına neft emalı marjalarının kəskin yüksəlməsi və ticarət əməliyyatlarının güclü nəticələri təsir göstərib.
ENA.az xəbər verir ki, şirkətin mənfəəti ötən ilin eyni dövründəki 2,21 milyard dollarla müqayisədə təxminən 3,8 dəfə artıb. Bu göstərici analitiklərin 7,3 milyard dollarlıq orta proqnozunu da üstələyib.
BP-nin emal marjasını əks etdirən göstərici əvvəlki rübdəki 29,60 dollardan hesabat dövründə bir barel üçün 46,70 dollara yüksəlib. Neft emalı və ticarət fəaliyyətlərini əhatə edən “Müştərilər və məhsullar” bölməsinin mənfəəti isə 4,8 milyard dollar təşkil edib. Müqayisə üçün, bölmə 2025-ci ilin bütün ili ərzində 5,3 milyard dollar mənfəət əldə etmişdi.
Şirkətin əməliyyat pul axını 14,83 milyard dollara çatıb. Xalis borcu isə üç ay əvvəlki 22,3 milyard dollardan 13,87 milyard dollara düşüb. Beləliklə, BP borcun azaldılması üzrə hədəfinə nəzərdə tutulandan bir il əvvəl nail olub.
Mənfəətin yüksəlməsində Yaxın Şərqdə və Rusiyada müharibələrin neft emalı zavodlarının fəaliyyətinə və ticarət marşrutlarına təsiri də rol oynayıb. Təchizat zəncirindəki pozuntular dünya üzrə xam neftin dizel, benzin və aviasiya yanacağına çevrilməsi imkanlarını məhdudlaşdırıb, fəaliyyətini davam etdirən zavodların gəlirliliyini artırıb.
BP-nin baş icraçı direktoru Meq O'Nil bildirib ki, şirkətə məxsus neft emalı zavodlarında marjalar və əməliyyat göstəriciləri güclü olub. Şirkət dekabrın 15-də uzunmüddətli strategiyasına dair yenilənmiş planını açıqlamağı nəzərdə tutur.



















