Azərbaycanda şübhəli hesab edilən maliyyə əməliyyatlarının sayı kəskin artıb
2025-ci ildə Maliyyə Monitorinqi Xidmətinə (MMX) 1 197 şübhəli hesab olunan maliyyə əməliyyatı ilə bağlı hesabat təqdim edilib.
ENA.az bu barədə MMX-ya istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 53,7 % çoxdur.
Ötən il banklar 999 (51,8 % çox), bank olmayan kredit təşkilatı 8, notariuslar 65, investisiya şirkətləri 10, poçt rabitəsinin milli operatoru 2, elektron pul təşkilatları 106, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan siğorta təşkilatları 1, ödəniş təşkilatları 5, ödəniş sistem operatorları isə 1 əməliyatla bağlı MMX-nı məlumatlandırıb.
Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.


















