Sabahdan Tbilisiyə daha çox reys - Biletlər 36 manatdan
Noyabrın 1-dən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçirəcək.
ENA.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.
Bildirilib ki, reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılır. Bu isə 50 faizə yaxın artım deməkdir.
Belə ki, əlavə reyslərdə standart sinif (əvvəlki plaskart vaqonlar) üzrə biletlərin qiyməti 36 AZN-dən başlayır. Yeni aşağı büdcəli səyahət seçimi ilə sərnişinlər 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 54 AZN, Yevlaxdan 44 AZN, Gəncədən 41 AZN, Ağstafadan 38 AZN, Böyük Kəsikdən Tbilisiyə isə 36 AZN təşkil edir.
Müqayisə üçün qeyd edək ki, hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 77,50 AZN, Gəncədən isə 56.80 AZN-dir.
Yeni qrafikə əsasən, hazırda istismarda olan Bakı–Tbilisi–Bakı qatarı paytaxtdan saat 23:10-da yola düşməklə növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Qatar Tbilisidən saat 11:00-da yola düşərək saat 20:26-da Bakı Dəmiryol Vağzalında olacaq.
Yeni reys üzrə qatar isə Bakıdan hər gün saat 09:10-da yola düşəcək və saat 19:11-də Gürcüstan paytaxtına çatacaq. Əks istiqamətdə qatar saat 22:00-da hərəkətə başlayacaq və növbəti gün saat 07:57-də Bakıda olacaq.



















