Smartfon batareyasının ömrünü qısaldan 4 gündəlik vərdiş

Smartfon batareyasının ömrünü qısaldan əsas amillər arasında cihazı daim 100%-dək enerji ilə doldurmaq, həddindən artıq qızma, düzgün olmayan simsiz şarj və bəzi gündəlik istifadə vərdişləri yer alır.
ENA.az xəbər verir ki, müasir litium-ion batareyalar xüsusilə yüksək temperatur və uzun müddət tam dolu vəziyyətdə qalmağa həssasdır. Mütəxəssislər batareyanın tutumunu daha uzun müddət qorumaq üçün bir sıra qaydalara əməl etməyi tövsiyə edirlər.
Batareyanın ömrünə mənfi təsir göstərən əsas vərdişlərdən biri smartfonu gecə boyu 100%-dək şarjda saxlamaqdır. Müasir telefonlarda adaptiv şarj funksiyası olsa da, batareyanın uzun müddət tam dolu vəziyyətdə qalması onun kimyəvi aşınmasını sürətləndirə bilər.
Digər risk amili keyfiyyətsiz və ya zədələnmiş kabel və adapterlərdən istifadədir. Şarj zamanı telefonun qalın çexolda saxlanılması da istiliyin yayılmasına mane olaraq cihazın qızmasına səbəb ola bilər. Eyni zamanda, telefon şarj olarkən ağır oyunların və enerji tələb edən proqramların işlədilməsi temperaturu daha da yüksəldə bilər.
Simsiz şarj zamanı da enerji ötürülməsində əlavə itkilər yaranır. Telefonun şarj platformasında düzgün yerləşdirilməməsi istilik itkisini artıra və şarj prosesini ləngidə bilər.
Batareyanın sağlamlığı üçün temperatur rejimi də mühüm əhəmiyyət daşıyır. Apple iPhone cihazlarının 0–35 dərəcə Selsi temperatur aralığında istifadəsini tövsiyə edir. Yüksək temperaturun uzun müddət davam etməsi batareyanın köhnəlməsini sürətləndirir.
Məqalədə Android telefonlarında ekran parlaqlığının yüksək olması, tətbiqlərin arxa planda fasiləsiz işləməsi və geolokasiyadan daimi istifadə də enerji sərfiyyatını artıran amillər kimi göstərilir. Zəif mobil şəbəkə əhatəsi də telefonun enerji sərfiyyatını yüksəldə bilər.
Mütəxəssislərin tövsiyəsinə görə, litium-ion batareyalar üçün 20–80% şarj diapazonuna üstünlük vermək məqsədəuyğundur. Müasir batareyaları yenidən doldurmazdan əvvəl tam boşaltmağa ehtiyac yoxdur. Əksinə, onların tez-tez sıfıra qədər boşaldılması batareyanın ömrünü uzatmır.
Mənbə: Techora











