Əsas məzmuna keç
Bakı +15°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes-lüğət

İddia müddəti

Sözün izahı

Sığorta müqaviləsinə əsasən sığortaçının sığorta ödənişini həyata keçirmək vəzifəsinin yarandığı andan sığortalının həmin ödənişin həyata keçirilməsini tələb etmək hüququnun son tarixinədək olan müddət.

Əlavə izahat:

Şəxs öz avtomobilini sığortalamış və sığorta müddəti ərzində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə ciddi ziyan dəymişdir. Sığortaçı sığorta müqaviləsinin şərtlərinə istinad edərək sığorta ödənişinin verilməsindən imtina etmiş və bu barədə şəxsi 05 yanvar 2010-cu il tarixdə yazılı formada məlumatlandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq şəxs sığortaçının imtina bərədə qərarından məhkəməyə 05 yanvar 2013-cü il tarixədək müraciət edə bilər. Pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət üçün müəyyən edilmiş bu 3 illik müddət iddia müddəti adlanır.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi,

maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

maddə 373:2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir..

maddə 377.1: İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

Beynəlxalq təcrübədən nümunə

Rusiya Federasiyasının Mülki Məcəlləsi, I Hissə - 1994-cü il, maddə 196:

Ümumi iddia müddəti (рус.-исковая давность) üç il təşkil edir.

Rusiya Federasiyasının Mülki Məcəlləsi, II Hissə - 1996-cı il, maddə 966:

Əmlak sığortası müqaviləsindən irəli gələn tələb üzrə iddia iki il müddətində irəli sürülə bilər.

Almaniya Federativ Respublikasının Sığorta müqaviləsi Aktı - 2008-ci il, maddə 15:

Sığorta müqaviləsindən üzrə sığorta tələbinin sığortaçıda qeydiyyata alındığı tarixdən bu tələbi irəli sürən şəxsin sığortaçının yazılı qərarını aldığı tarixədək iddia müddətinin (eng.-limitation period) axımı dayandırılır.

← Biznes-lüğət