Sığorta haqqının hissə-hissə ödənilməsi
Sözün izahı
Sığorta haqqının hissələrə bölünərək sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə ilə müəyyən edilmiş tarixlərdə ödənilməsi.
Misal:
Şəxs 01 fevral 2011-ci il tarixdə evini 1 illik sığorta müqaviləsi əsasında sığorta etdirir. Sığorta müqaviləsində şəxsin sığortaçıya ödəməli olduğu sığorta haqqı məbləği 200 manat müəyyənləşdirilir. Müqavilədə o da razılaşdırılır ki, sığorta haqqı 4 bərabər hissəyə bölünməklə ilk hissəsi (50 manat) müqavilənin bağlandığı gün, II hissə 01 aprel 2011-ci il tarixində, III hissə 01 avqust 2011-ci il tarixində, IV hissə isə 01 noyabr 2011-ci il tarixində ödənilməlidir. Sığorta haqqının bu cür ödənilməsi onun hissə-hissə ödənilməsi hesab olunur.
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad
Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 903.3:
Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər.
Beynəlxalq təcrübədən nümunə
Rusiya Federasiyasının Mülki Məcəlləsi, II Hissə - 1996-cı il, maddə 954:
Əgər sığorta müqaviləsində sığorta haqqının müəyyən müddət ərzində ödənilməsi nəzərdə tutulmuşdursa, həmin müqavilə ilə növbəti sığorta haqlarının razılaşdırılmış müddətlərdə ödənilməməsinin nəticələri müəyyən edilə bilər.


