Nvidia-nın baş direktoru postunu tərk edib – şirkətə müvəqqəti rəhbər təyin olunub

Nvidia şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Jensen Huang vəzifəsindən istefa verib. Onun səlahiyyətlərini müvəqqəti olaraq şirkətin maliyyə direktoru Colette Kress icra edəcək.
ENA.az xəbər verir ki, Huang şirkətin prezidenti, baş icraçı direktoru və Direktorlar Şurasının üzvü vəzifələrindən dərhal qüvvəyə minməklə ayrılıb.
Nvidia-nın açıqlamasına görə, Direktorlar Şurası daimi baş direktorun seçilməsi üçün axtarışa başlayıb. Bu prosesdə həm şirkətdaxili, həm də kənar namizədlər nəzərdən keçiriləcək. Colette Kress yeni rəhbər təyin olunana qədər müvəqqəti baş direktor vəzifəsini icra etməklə yanaşı, maliyyə direktoru kimi fəaliyyətini də davam etdirəcək.
Şura şirkətin tarixində ilk dəfə ayrıca Direktorlar Şurasının sədri vəzifəsi təsis edib. Bu posta uzun illərdir Nvidia-nın idarə heyətində təmsil olunan Harvey C. Jones təyin edilib.
İstefadan sonra Nvidia səhmləri ticarətdə 10%-dən çox ucuzlaşıb. Reuters-in məlumatına görə, səhmlərin qiyməti gün ərzində 14%-dən artıq geriləyib və şirkətin bazar dəyərində təxminən 200 milyard dollarlıq azalma riski yaranıb.
Jensen Huang 1993-cü ildə Nvidia-nın həmtəsisçilərindən biri olub və 33 ildən artıq şirkətə rəhbərlik edib. Onun istefası son günlərdə şəxsi münasibətləri ilə bağlı yayılan məlumatlar və mümkün xarici kəşfiyyat əlaqələrinə dair araşdırmalar fonunda baş verib.
Məlumatlara görə, ABŞ rəsmilərinin Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bildiyi Alice Huang ilə münasibət iddiaları ətrafında şirkətdə araşdırma aparılırdı. Bundan başqa, “The New York Times” Jensen Huang-ın Nvidia-nın vitse-prezidenti Kimberli Pauell ilə də münasibətdə olduğunu yazmışdı.
Nvidia rəhbərliyi açıqlamasında şirkətin əməliyyatlarının, müştəri öhdəliklərinin və məhsul planlarının fasiləsiz davam edəcəyini bildirib.
Mənbə: Reuters











