Bank xarici borclarını necə və neçəyə "təhlükəsizləşdirir"? - MÜSAHİBƏ
Qlobal maliyyə bazarlarında dəyişkənliyin artdığı bir dövrdə bankların xarici borclanma strategiyası və valyuta risklərinin idarə olunması xüsusi əhəmiyyət kəsb edir. Xarici öhdəliklərin həcmi, onların strukturunda valyutaların payı və hecləşdirmə mexanizmləri sektorun dayanıqlığını müəyyən edən əsas amillərdən sayılır. AccessBank-ın İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov ilə bununla bağlı ENA.az olaraq müsahibəni təqdim edirik:
– AccessBank 2024-cü ilin ortasında artıq zərərlərini tam bağlayaraq sıfırladığını elan etdi. Bu müddət ərzində nə qədər “ölü kredit”i dirildə bilmisiniz?
– Təxminən 90%-ni geri qaytara bilmişik. Amma məsələyə daha dərindən baxsaq, fərqli mənzərə ortaya çıxır. Məsələn, 7 il əvvəl verilmiş 100 min manatlıq krediti bu gün geri qaytarırıqsa, həmin vəsaitin real dəyəri zaman amilinə görə təxminən 40 min manat səviyyəsində olur. Yəni zamanla itirilmiş dəyər də var. Onu da qeyd edim ki, portfelimizin təxminən 90%-i biznes kreditlərindən ibarət olub.
– Bankın maliyyə mənbələri necə formalaşır?
– Maliyyəmizin 90%-i fiziki şəxslər və yerli hüquqi şəxslər hesabına formalaşır. Bununla yanaşı, xarici mənbələrdən cəlb etdiyimiz portfeli artıraraq diversifikasiya etmək istəyirik. Son illərdə depozit faizləri yüksəlib və bu, təbii olaraq kredit faizlərinə də təsir edir. Bank nə qədər bahalı resurs cəlb edirsə, bir o qədər bahalı kredit təklif edir. Biz isə daha ucuz maliyyə mənbələri tapmağa çalışırıq ki, müştərilərə daha sərfəli kreditlər təqdim edə bilək. Bankın yerli bazardan 10-11 faizlə depozit götürməsi pulun maya dəyərini artırır. İstənilən biznes üçün gəlirlilik meyarı qoyulan investisiyanın 20 faizinin üstündə olmalıdır. Biz depozitləri 10-11 faizlə cəlb edirik. Heç bir halda 10-11 faiz ROE göstərən banka ehtiyac yoxdur.
– Xarici öhdəliklərinizin həcmi nə qədərdir?
– Hazırda bu rəqəm 200 milyon dollara yaxınlaşır və yaxın perspektivdə 500 milyon dollara qədər arta bilər. Beynəlxalq maliyyə institutlarının marağı böyükdür və biz onlarla mütəmadi olaraq görüşlər keçiririk.
– Bu 200 milyon dollarla olan borc vəsaitləridirmi?
– Bəli, vəsaitləri əsasən dollar, avro və manatla cəlb edirik. Lakin valyutadan asılı olmayaraq, bütün öhdəliklər üzrə hecləşdirmə aparırıq. Bəzi hallarda bunu tərəfdaşlar həyata keçirir, bəzi hallarda isə biz özümüz hecləşdiririk.
– Hazırda hecləşdirmə intervalı hansı səviyyədədir?
– Dəqiq rəqəm demək çətindir, lakin ümumilikdə bir dollar üzrə hecləşdirmə 2.5–3.5 manat intervalında formalaşır.
– Dollarla verilən kreditlərin həcmi əvvəlki illərdə artsa da, sonradan azalma müşahidə olunur. Portfelinizin hansı hissəsini manata hecləşdirmisiniz?
– Kredit portfelimizin əsas hissəsini mikroseqment təşkil edir və bu portfelin həcmi 850 milyon manatdır. Biznes kreditlərimiz isə 24 milyon manatdır və bunun təxminən 10 faizi xarici valyutada verilib. Qeyd edim ki, müştərinin istəyindən və mövcud tənzimləyici qaydalardan asılı olaraq, yalnız hecləşdirilmiş müştərilərə valyuta ilə kredit təqdim edirik.


















