Azərbaycanın bank sektoru üçün "ESİ Risk Radar" alətinin təqdimatı keçirilib
Azərbaycan Mərkəzi Bankında (AMB) "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi ilə birlikdə, Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə "Sparkassenstiftung" təşkilatının dəstəyi ilə bank sektoru nümayəndələri üçün "ESİ Risk Radar" alətinin təqdimatı olub.
ENA.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, tədbir zamanı maliyyə sektorunda ekoloji, sosial və idarəetmə (ESİ) risklərinin daha sistemli qiymətləndirilməsi məqsədilə hazırlanmış "ESİ Risk Radar" alətinin əsas nəticələri, metodoloji yanaşmaları və tətbiqi imkanlarından bəhs olunub. Təqdimat çərçivəsində layihə üzrə hazırlanmış metodoloji sənədlər və alətlər, bank sektoru üzrə aparılmış ehtiyacların qiymətləndirilməsinin nəticələri barədə məlumat verilib. Tədbirdə həmçinin alətin praktik tətbiqi, təkmilləşdirilməsi və bankların risklərin idarə edilməsi proseslərinə inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb.
"ESİ Risk Radar" alətinin əsas məqsədi sektor və müştəri səviyyəsində ESİ risklərinin qiymətləndirilməsinə, habelə bankların kredit portfellərində müvafiq risklərin müəyyənləşdirilməsi və idarə olunmasına dəstək verməkdir. Maliyyə sektorunda ESİ risklərinin effektiv idarə olunması və dayanıqlı maliyyənin inkişafı istiqamətində təşəbbüslər davam etdiriləcək.



















