Nəqliyyat

Fransa Atlantik okeanında Rusiyanın "kölgə donanması"na məxsus tankeri saxlayıb

Fransa Hərbi Dəniz Qüvvələri beynəlxalq sanksiyalar altında olan "Tagor" neft tankerini Atlantik okeanında saxlayıb. Fransa Prezidenti Emmanuel Makron ələ keçirildiyini açıqlayıb.

Saxlanma 31 may səhəri baş verib. Makrona görə, tanker Rusiyadan gedirdi. Əməliyyat Fransanın tərəfdaşları, o cümlədən Birləşmiş Krallıqla birgə "dəniz qanunvericiliyinə ciddi şəkildə uyğun olaraq" həyata keçirilib.

"Gəmilərin beynəlxalq sanksiyalardan yayınması, dəniz qanunvericiliyini pozması və Rusiyanın dörd ildən çoxdur Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirməsi qəbuledilməzdir. Ən əsas dənizçilik qaydalarını belə görməzdən gələn bu gəmilər eyni zamanda ətraf mühitə və ictimai təhlükəsizliyə təhdid yaradır", Makron deyib.

"Tagor" tankeri ABŞ, Avropa Birliyi, Birləşmiş Krallıq və Ukrayna tərəfindən sanksiyalara məruz qalır. Gəmi 2026-cı ilin fevral ayında Britaniya sanksiyaları altına alınıb. Britaniya hökumətinin bəyanatında bildirilir ki, London tankeri Rusiyanın "kölgə donanmasının" bir hissəsi hesab edir. Avropa Birliyinə görə, tanker Rusiyada istehsal olunan neft və neft məhsulları daşıyır. ABŞ-ın sanksiya siyahısında tankerin Panama bayrağı altında üzdüyü bildirilir.

Bu, Fransanın Rusiyanın "kölgə donanmasına" məxsus tankerləri saxladığı ilk hal deyil. Mart ayında Fransa donanması Murmanskdan Mozambik bayrağı altında üzən Deina tankerini saxladı. Lakin bir ay sonra Fransa hakimiyyəti Deina gəmisinin Marsel limanından çıxmasına icazə verdi.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)