Ağdam Sənaye Parkında polietilen boru istehsal ediləcək
Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı, qofra və yüksək təzyiqə davamlı polietilen boru istehsalı layihəsi həyata keçirəcək.
Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Məlumata əsasən, "Ceer Plastik" MMC-yə Agentliyin idarəçiliyində olan Parkın rezidenti statusu verilib.
Layihənin investisiya dəyəri 5 milyon manatdır.
İndiyə qədər Ağdam Sənaye Parkında 31 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkda həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən indiyədək 172 milyon manatdan çox investisiya qoyulub, 1 000-dən artıq iş yeri yaradılıb. Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Parkda istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.


















