Sənaye

Tramp Hörmüz boğazı ilə bağlı: “Bizdə əsl neft fontanı var”

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmiçiliyin davam etməsi və neft daşımalarının qarşısında maneələrin yaranmaması ilə bağlı açıqlama verib.

Tramp bildirib ki, ABŞ enerji təminatı baxımından əvvəlki dövrlərlə müqayisədə daha güclü mövqedədir və qlobal neft tədarükündə yarana biləcək risklər ölkə iqtisadiyyatına ciddi təsir göstərməyəcək.

"Hörmüz boğazına gəldikdə, hər şey bizim üçün çox yaxşı gedir. Dünən bu boğazdan indiyə qədər keçdiyindən daha çox neft aldıq. Yəqin ki, bunu görmüsünüz - əsl neft fontanı yaşayırıq. Boğaz tamamilə açıqdır" - Tramp deyib.  

ABŞ prezidenti qeyd edib ki, ölkə daxilində enerji istehsalının yüksək səviyyədə olması Vaşinqtona qlobal enerji bazarlarında baş verən dəyişikliklərə qarşı daha dayanıqlı olmaq imkanı verir.

Trampın açıqlaması son günlər Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı müzakirələrin fonunda səsləndirilib. Dünyada dəniz yolu ilə daşınan neftin mühüm hissəsi məhz bu strateji boğazdan keçir. Bu səbəbdən bölgədə baş verən hər hansı hadisə qlobal enerji bazarlarında qiymət dəyişikliklərinə səbəb ola bilir.

Analitiklərin fikrincə, Trampın bəyanatı həm bazar iştirakçılarına, həm də ABŞ istehlakçılarına ölkənin enerji təhlükəsizliyi ilə bağlı arxayınlıq mesajı verməyə hesablanıb.

Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Hind okeanı ilə birləşdirən əsas dəniz marşrutudur və qlobal neft ticarətinin ən strateji nöqtələrindən biri hesab olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)