Süni intellekt oğurluğu iddiası Alibaba səhmlərini ucuzlaşdırdı
Çinin texnologiya nəhəngi Alibaba süni intellekt sahəsində ciddi ittihamlarla üzləşib. ABŞ-ın süni intellekt şirkəti Anthropic, Alibaba-nı özünün Claude adlı süni intellekt modelinin imkanlarını qanunsuz şəkildə əldə etməkdə ittiham edib.
Bloomberg-in məlumatına görə, Anthropic ABŞ senatorlarına və Ağ Ev rəsmilərinə göndərdiyi məktubda Alibaba ilə əlaqəli olduğu iddia edilən şəxslərin minlərlə saxta hesab vasitəsilə Claude modelinə çıxış əldə etdiyini bildirib. Şirkətin iddiasına əsasən, bu fəaliyyət süni intellekt sənayesində indiyədək qeydə alınan ən böyük “distillə hücumu” hesab olunur.
Anthropic bildirir ki, Alibaba-nın Qwen süni intellekt laboratoriyası ilə əlaqələndirilən operatorlar 2026-cı ilin aprel–iyun ayları ərzində təxminən 25 min saxta hesabdan istifadə edərək Claude ilə 28,8 milyondan çox sorğu-cavab əməliyyatı həyata keçiriblər. Məqsədin isə Claude-un proqram təminatı hazırlamaq və mürəkkəb məntiqi analiz aparmaq kimi qabaqcıl imkanlarını öyrənərək öz modellərinin təkmilləşdirilməsi olduğu iddia edilir.
“Distillə” adlanan üsul daha güclü süni intellekt modelinin cavablarından istifadə etməklə daha zəif modelin təlimləndirilməsini nəzərdə tutur. ABŞ şirkətləri hesab edir ki, bu yanaşma innovasiyaların və milyardlarla dollarlıq tədqiqat-investisiya nəticələrinin icazəsiz mənimsənilməsinə səbəb olur.
Xəbərin yayılmasından sonra Alibaba-nın ABŞ-da ticarət olunan depozitar qəbzləri (ADR) gün ərzində 3 faizdən çox ucuzlaşıb. İnvestorlar ittihamların ABŞ-Çin texnologiya rəqabətini daha da kəskinləşdirəcəyindən və Alibaba-nın süni intellekt biznesinə əlavə təzyiqlər yarada biləcəyindən ehtiyatlanırlar.
Hadisə ABŞ və Çin arasında süni intellekt texnologiyaları uğrunda rəqabətin yeni mərhələyə keçdiyini göstərir. Vaşinqton son illərdə qabaqcıl çiplərin və süni intellekt texnologiyalarının Çinə ixracına məhdudiyyətləri sərtləşdirib. Anthropic isə ABŞ administrasiyasını bu cür halların qarşısını almaq üçün əlavə tədbirlər görməyə çağırıb.
Alibaba ittihamlara münasibət bildirməyib. Lakin hadisə qlobal süni intellekt bazarında texnologiya transferi, müəlliflik hüquqları və rəqabət qaydaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.


















