Bank

Zeynal Kərimzadə: "Hazırda kifayət qədər böyük ödənişlər qeyri-rəsmi kanallar üzərindən aparılır"

Azərbaycanda sahibkarların 1 %-dən də azı rəqəmsal ödənişlərdən istifadə edir. "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin üzvü Zeynal Kərimzadə bildirib ki, hazırda kifayət qədər böyük ödənişlər qeyri-rəsmi kanallar üzərindən aparılır. 

"İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə, hazırda Azərbaycanda 882 min aktiv vergi ödəyicisi var və onların təxminən 822 mini KOB subyektləridir. Bu isə o deməkdir ki, həmin bizneslərin böyük hissəsi gələcəkdə rəqəmsallaşmadan keçəcək. Təəssüf ki, hazırkı tendensiyalara baxdıqda sahibkarların 1 %dən az hissəsinin tam rəqəmsallaşdığını görürük. Bu vəziyyətin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi ondan ibarətdir ki, bazarda böyük imkanlar mövcuddur. Minlərlə sahibkar gələcəkdə rəqəmsallaşacaq və onların istifadə etdiyi xidmətlər də rəqəmsal formaya keçəcək. Çünki bu ekosistemdə təchizatçılar, xidmət göstərən şirkətlər və müxtəlif məhsul satan bizneslər fəaliyyət göstərir. Mənfi tərəfi isə ondan ibarətdir ki, bazarın müəyyən hissəsi rəqəmsallaşıb, lakin bu proses tam düzgün istiqamətdə getməyib. Post-pandemiya dövründə ödənişlər daha çox "grey zone" adlandırdığımız sahədə – kartdan-karta köçürmələr, nağd ödənişlər və müxtəlif elektron cüzdan transferləri vasitəsilə həyata keçirilib", - deyə o qeyd edib.

Z.Kərimzadə əlavə edib ki, hazırda kifayət qədər böyük ödənişlər qeyri-rəsmi kanallar üzərindən aparılır: "Biz ümid edirik ki, yaxın illərdə, hətta yaxın aylarda bu əməliyyatların daha böyük hissəsi rəsmi və şəffaf rəqəmsal mühitə keçəcək. Bu isə fintexlər üçün yeni imkanlar və böyük bazar deməkdir. Çünki hazırda bazarda məhdud sayda aktiv müştəri uğrunda rəqabət gedir və şirkətlər eyni müştərilər uğrunda komissiyaları aşağı salaraq mübarizə aparırlar. Bazarın genişlənməsi isə bütün iştirakçılar üçün yeni inkişaf imkanları yaradacaq".

Bundan başqa, onun sözlərinə görə, bu ilin sonuna Azərbaycanda elektron ticarət dövriyyəsinin 90 milyard manatı ötməsi gözlənilir: "Ötən il bu rəqəm 86 milyard manat təşkil edib. Əvvəlki illərlə müqayisədə artım tempi nisbətən aşağı görünsə də, bazarın böyüməyə davam etdiyini müşahidə edirik və bu tendensiyanın gələcəkdə davam edəcəyi gözlənilir. Maraqlı məqam odur ki, məbləğlə əməliyyat sayı paralel şəkildə artmır. Məsələn, ilin sonuna əməliyyat məbləğində 4,6 % artım gözlənildiyi halda, əməliyyat sayında artımın 10 % olacağı proqnozlaşdırılır. Bu isə onu göstərir ki, əməliyyatların sayı artır, lakin orta çek məbləği azalır. Bunun isə istehlak davranışları, kiçik məbləğli ödənişlərin artması və rəqəmsal ödənişlərin daha geniş yayılması kimi müxtəlif səbəbləri ola bilər".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)