Dövlət vəsaiti hansı istehsalçıya veriləcək? - Nazir açıqladı
“Aqrar məhsul istehsalçıları iki kateqoriyaya ayrılır: sahibkarlıq məqsədli fermerlər və ailə-kəndli təsərrüfatlarını əhatə edən digər istehsalçılar. Subsidiyadan güzəştli kreditə, sığortadan dövlət-özəl tərəfdaşlığına qədər on iki dəstək aləti ilk dəfə qanunda sadalanır”.
ENA.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Aqrar sahə haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Dəstək informasiya sistemindəki məlumatlar və istehsalçıların reytinqi əsasında göstəriləcək. Reytinq iqtisadi səmərəliliyi və vəsaitin təyinatı üzrə istifadəsini qiymətləndirir. Bu o deməkdir ki, dövlət vəsaiti real nəticə göstərən istehsalçıya yönələcək.
Layihə dövlətin aqrar sahədəki vəzifələrini də 32 istiqamət üzrə dəqiqləşdirir. Onların arasında vergi intizamı və maliyyə şəffaflığı, qeyri-formal məşğulluğun azaldılması, qadınların və gənclərin aqrar fəaliyyətə cəlb edilməsi var. Dövlət nəzarəti sahibkarlıq sahəsində yoxlamalara dair qanunun tələbləri çərçivəsində aparılacaq. Bu isə istehsalçını əsassız müdaxilədən qoruyur”, - deyə nazir qeyd edib.



















