Ukrayna Rusiyanın ən iri neft emalı zavodlarının sonuncusuna zərbə endirib
Ukrayna ordusu Rusiyanın ən böyük neft emalı və neft-kimya komplekslərindən birinə zərbə endirib.
Bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.
Bildirilib ki, hücumun hədəfi Başqırdıstanın Salavat şəhərində yerləşən "Qazprom Neftexim Salavat" müəssisəsi olub.
Məlumata görə, əməliyyata Rusiya ərazisində fəaliyyət göstərən "Qara Qığılcım" (Çernaya İskra) adlı gizli müqavimət hərəkatı da cəlb edilib.
Ukrayna tərəfi iddia edir ki, "Qazprom Neftexim Salavat" bu ilədək hücuma məruz qalmayan son iri benzin istehsal edən müəssisə olub.
"Dronlarımız hədəflərinə uğurla çatıb. İlkin məlumata görə, zavodun neftin ilkin emalı üçün nəzərdə tutulan kritik AVT-6 qurğusu və digər istehsal gücləri vurulub", - məlumatda bildirilir.
Qeyd edilib ki, pilotsuz uçuş aparatları bu əməliyyat zamanı təxminən 1500 kilometr məsafə qət edib.


















