“Dünyanın ilk rəqəmsal milləti” — Praxis Uruqvayda “kriptodövlət” quracağını və bunun üçün 1 milyard dollar cəlb edəcəyini bəyanladı
Kriptovalyuta investorlarını elit icmada birləşdirən Praxis Uruqvayda öz şəhərini quracağını açıqlayıb. Bu icma "Praxis" adı ilə 2019-cu ildə yaradılıb. Fəlsəfədə “praxis” nəzəriyyənin praktikada tətbiqi prosesini ifadə edir, qədim yunan dilində isə bu söz azad insanların fəaliyyəti mənasını daşıyır. Şirkətin təsisçisi 30 yaşlı Dryden Brown-dur. O, Santa-Barbaradan olan keçmiş sörfçüdür, Nyu-York Universitetində təhsil alıb, lakin universiteti bitirməyib və hedc-fondda analitik kimi çalışıb.
Praxis özünü “dünyanın ilk rəqəmsal milləti” adlandıran şəbəkə icması kimi təqdim edir. Brown tərəfdarlarına süni ümumi intellektin (AGI) meydana çıxmasından sonra cəmiyyətin mədəni, iqtisadi və idarəetmə sahələrində necə təşkil oluna biləcəyinə dair gələcək dünya modeli təklif edir.
Şirkətin saytında “Singularity Politics” (“Sinqülyarlıq siyasəti”), “Sovereign Intelligence” (“Suveren zəka”) və “Life After Labor” (“Əməkdən sonrakı həyat”) kimi başlıqlar altında manifestlər, eləcə də Praxis şəbəkə imperiyasının deklarasiyası yer alır.
Bu ideyaları qısa şəkildə belə ümumiləşdirmək olar: yaxın gələcəkdə AGI insanların gündəlik əməyinin böyük hissəsini yerinə yetirməyə başlayacaq və bunun yaratdığı nəhəng sərvət Qərb sivilizasiyasının mədəni nailiyyətlərindən insanların faydalana biləcəyi elit şəhərlərin tikintisinə yönəldilməlidir. Praxis isə belə utopik şəhərləri sıfırdan qurmağı, Brownun təqdimatlarında istifadə etdiyi ifadə ilə desək, “kriptodövlətlər” yaratmağı planlaşdırır.
Brownun ideyalarını araşdıran jurnalistlər onun libertarian düşüncələrdən, eləcə də Ayn Randın “Atlas Shrugged” (“Atlas çiyinlərini çəkdi”) romanından təsirləndiyini qeyd ediblər. Onun yaratdığı hərəkatı ifrat sağ internet subkulturasına aid edənlər də olub. Brown bunu rədd edir, baxmayaraq ki, özü “qətiyyən demokrat olmadığını” bildirir.
Layihə necə başladı?
The New York Timesın yazdığına görə, Praxis əvvəlcə Nyu-Yorkun Soho rayonunda loft icarəyə götürmüş kiçik bir şirkət olub. Burada Maarifçilik dövrünün Paris salonlarını xatırladan dəbdəbəli məclislər təşkil edilirdi. İştirakçılara üzərində “Əbədi şəhərdə görüşərik” yazılmış jetonlar verilirdi. Şirkətin əməkdaşları da həmin loftda yaşayırdı. Bir müddət sonra isə əmlak sahibi icarə haqqının ödənilməməsi ilə bağlı Praxis-i məhkəməyə verib.
Zaman keçdikcə Brown vençur fondlarından və kriptosahibkarlardan investisiya cəlb etməyə başlayıb. Onun gələcəyin şəhəri ideyasına inananlar arasında Paradigm Operations, keçmiş PayPal rəhbəri Peter Thiel ilə əlaqəli Pronomos Capital, Coinbase kriptobirjasının keçmiş texniki direktoru Balaji Srinivasan, Palantir-in həmtəsisçisi Joe Lonsdale, Sam Bankman-Friedin Alameda Research fondu və Sam Altmanın Apollo Projects fondu da olub.
Beləliklə, Brown təxminən 20 milyon dollar vəsait cəlb edə bilib. 2024-cü ildə Praxis kriptovalyuta şirkəti Gem Digital-dan 500 milyon dollar həcmində kredit xətti əldə etdiyini açıqlayıb.
Arzulanan məkan: əvvəl Aralıq dənizi, sonra Qrenlandiya
Brown əvvəlcə “kriptodövləti” üçün Aralıq dənizi regionunda yer axtarıb. Lakin bu plandan imtina edilib: regionun mövcud hərbi münaqişələrə çox yaxın olduğu düşünülüb. Növbəti namizəd Qrenlandiya olub. Həmin vaxt Qrenlandiyaya Donald Tramp da iddia edirdi. Lakin Praxis burada ictimai müqavimətlə üzləşib. Nəhayət, 2026-cı ilin sentyabrında Brown elan edib: “Dünya turumuz başa çatdı: biz Uruqvayı seçdik!”
Praxis Argentinanın prezidenti ilə məsləhətçi kimi çalışan sahibkar Eduardo Bastitta ilə razılaşma əldə edib. Bastitta hazırda Uruqvayın Koloniya-del-Sakrament şəhərinin sahilində, əvvəllər boş olan ərazidə yaşayış kompleksi inşa edir. Ərazi La-Plata körfəzinin sahilində yerləşir. Montevideodan quru yolu ilə 200 kilometrdən az məsafədədir, Buenos-Ayresdən isə bərə ilə təxminən bir saatlıq yoldadır.
+Colonia — gələcəyin şəhəri
Layihə +Colonia adlandırılıb. Praxis-in bildirdiyinə görə, şəhərin konsepsiyasını Zaha Hadid Architects hazırlayıb. Dizaynda daş, bürünc və su elementlərinin üstünlük təşkil etdiyi lakonik klassisizm nəzərdə tutulur. Praxis növbəti üç il ərzində Uruqvayda şəhərin tikintisi üçün 1 milyard dollar investisiya cəlb etməyi planlaşdırır.
Şirkətin saytındakı sayğaca inanmaq olarsa, gələcək “kriptodövlətə” köçmək üçün artıq 4 mindən çox insan müraciət edib. Elit mənzillərə tələbin isə 4,4 milyard dollar olduğu bildirilir. Brown dekabr ayında Nyu-Yorkdan Koloniya-del-Sakramentoya köçməyi planlaşdırır. Onun planına görə, +Colonia-nın ilk sakinləri 2027-ci ilin ortalarında məskunlaşmalıdır. The New York Timesın məlumatına görə, Praxis gələn ilin sonuna qədər +Colonia ərazisində torpaq sahələrini almağa başlayacaq.
Yeni şəhər hansı ideya üzərində qurulacaq?
Brown qəzetə açıqlamasında gələcək şəhərin qədim Yunanıstan, Roma və İntibah dövrünün estetikasına əsaslanan yeni mədəniyyətin yaradılması üçün laboratoriya olacağını bildirib. Onun fikrincə, bu mədəniyyətin ən yaxşı xüsusiyyətləri - həqiqət, gözəllik və qəhrəmanlıqdır. Praxis-də ən çox ehtiram göstərilən tanrı isə bu dəyərlərin simvolu hesab edilən qədim yunan tanrısı Apollondur.
“Kriptodövlət” ideyasından geri addım?
Brown gələcəyin şəhəri üçün ayrıca idarəetmə sistemi və müstəqillik ideyasını əvvəllər əsas məqsəd kimi təqdim etsə də, sonradan konsepsiyasını dəyişib. Şirkətin press-relizində +Colonia layihəsinin məqsədi Uruqvayın cəlbedici yaradıcı və sahibkarlıq mühiti ilə beynəlxalq investisiyaları birləşdirmək kimi göstərilir. Praxis Uruqvayda mövcud hüquq sisteminə uyğun fəaliyyət göstərəcəyini öhdəsinə götürüb.
Brown jurnalistlərlə söhbətində artıq “kriptodövlət” ifadəsini işlətmir. O, +Colonia-nı sadəcə olaraq “möhtəşəm yoqası” və “əla DJ-ləri” olan, məsələn, rəssam dostunuzun gəlib sərgi təşkil edə biləcəyi bir məkan kimi təsvir edir. Uruqvayın “Cənubi Amerikanın İsveçrəsi” kimi təqdim edilməsi də layihənin yeni marketinq strategiyasının bir hissəsidir.
Layihənin reallıq şansı nə qədərdir?
The New York Times qeyd edir ki, hazırda əldə olunan razılaşma hüquqi baxımdan məcburi olmayan niyyət protokoludur. Buna görə də Praxis şəhərinin həqiqətən tikilib-tikilməyəcəyi ilə bağlı hələ çoxlu sual var. Bununla belə, layihə Silikon Vadisi biznes dairələrində Cənubi Amerikada texnoloji anklavlar yaratmağa və regiona köçməyə marağın artdığını göstərir. Hazırda Koloniya-del-Sakramentonun sahilində yalnız bir neçə bina inşa olunur. Torpağın sahibi və ilkin layihənin müəllifi Eduardo Bastittanın sözlərinə görə, tikintiyə artıq 290 milyon dollar yatırılıb və yüzlərlə mənzil satılıb. Uruqvay prezidenti Yamandú Orsi ötən il +Colonia ərazisini ziyarət edib və tikintini “çox innovativ layihə” adlandırıb.
Praxis rəhbərinin şəhər yaratmaq ideyası isə daha geniş bir tendensiyanın parçasıdır: vençur kapitalistləri belə özəl şəhərlərin texnoloji innovasiyalar, o cümlədən dövlət idarəçiliyi və bürokratik maneələrin azaldılması üçün alət ola biləcəyini düşünürlər. Tənqidçilər isə bu ideyaları elitist və reallaşması çətin, yüksək gəlirli təbəqənin cəmiyyətin qalan hissəsindən ayrılmasına yönəlmiş layihələr kimi qiymətləndirirlər.
Praxis-in öz saytında isə layihə “rəqəmsal millət” modelinin fiziki əraziyə keçidi kimi təqdim olunur. Şirkət bildirir ki, süni intellekt əmək bazarını dəyişdikcə internet üzərində formalaşan icmalar kollektiv fəaliyyət, iqtisadi güc və institutlar yarada, daha sonra isə fiziki əraziyə yerləşə bilərlər.
AGI nədir?
AGI — Artificial General Intelligence, yəni süni ümumi intellektdir. Bu termin insan səviyyəsində müxtəlif intellektual vəzifələri müstəqil şəkildə yerinə yetirə biləcək hipotetik süni intellekt sistemini ifadə edir. Hazırda AGI mövcud deyil, bu anlayış daha çox gələcək texnologiya ssenarilərində istifadə olunur. Mövcud süni intellekt sistemləri isə əsasən konkret və məhdud tapşırıqları yerinə yetirən “dar” və ya “zəif” süni intellekt kateqoriyasına aid edilir.










