Tikintidə sifarişlər “mənfi 52,2”yə düşdü: biznesdə hansı sahə böyüdü, hansı gerilədi?
2026-cı ilin yanvar-avqust aylarının nəticələri real sektorun bütün sahələrində eyni mənzərənin olmadığını göstərir. Sənaye və pərakəndə ticarətdə işgüzar fəallıq indeksi avqustda yüksəlib, xidmət sektoru müsbət zonada qalıb. Tikintidə isə vəziyyət tam əksinədir: indeks -32,3-ə düşüb, icraya qəbul edilmiş sifarişlər üzrə göstərici isə -52,2-yə enib.
Azərbaycan Mərkəzi Bankının real sektor üzrə işgüzar fəallıq indeksləri sahibkarların son üç ayda müşahidə etdiyi vəziyyəti və növbəti üç aya dair gözləntilərini ölçür. Bu göstərici faktiki istehsal və ya satış artımının faizi deyil, biznes sorğularından formalaşan “yumşaq” iqtisadi göstəricidir. Sənayedə indeks məhsul istehsalı, hazır məhsul ehtiyatları və istehsal gözləntilər, tikintidə isə qəbul edilmiş sifarişlər və işçi sayına dair gözləntilər əsasında hesablanır.
2026-cı ilin avqustunda dörd əsas sahədən üçündə indeks müsbət olub. Amma tikintinin mənfi göstəricisi ümumi mənzərədə ən ciddi risk siqnalını verib.
|
Sektor |
Yanvar |
Avqust |
8 ay üzrə orta |
2025-ci ilin 8 ayı üzrə orta |
|
Sənaye |
12,7 |
17,2 |
16,2 |
8,1 |
|
Pərakəndə ticarət |
-2,7 |
18,7 |
4,5 |
5,8 |
|
Xidmət |
20,6 |
15,2 |
18,4 |
20,3 |
|
Tikinti |
-26,2 |
-32,3 |
-24,4 |
-1,2 |
Cədvəldən ən diqqətçəkən məqam sənaye ilə tikintinin bir-birindən kəskin ayrılmasıdır. Sənayenin 2026-cı ilin yanvar-avqust ayları üzrə orta işgüzar fəallıq indeksi 16,2 bənd təşkil edib. Bu, ötən ilin eyni dövrünün orta göstəricisindən təxminən iki dəfə yüksəkdir.
Tikintidə isə tam əks mənzərə yaranıb. Ötən ilin ilk 8 ayında indeks orta hesabla -1,2 bənd olduğu halda, 2026-cı ilin eyni dövründə -24,4 bəndə qədər pisləşib.
Sənayedə müsbət siqnal var, amma sifariş problemi qalır
Avqustda sənaye üzrə İşgüzar Fəallıq İndeksi 17,2 olub. İyulda bu göstərici 15,7 idi. Yəni bir ay ərzində 1,5 bəndlik yaxşılaşma qeydə alınıb. Lakin sənayenin bütün komponentləri eyni istiqamətdə hərəkət etməyib.
Avqustda məhsul istehsalı göstəricisi 26,3 olduğu halda icraya qəbul edilmiş sifarişlər “-28,9” olub. Hazır məhsul ehtiyatları da mənfi zonadadır “-4,3”. Buna baxmayaraq istehsal gözləntiləri 21,1, qiymət gözləntiləri 3,8 olmaqla müsbət zonadadır.
Burada diqqət çəkən məqam sifarişlər göstəricisinin hələ də mənfi zonada qalmasıdır. Yəni sənaye müəssisələrinin istehsal göstəriciləri və gələcək istehsala dair gözləntiləri müsbət olsa da, yeni qəbul edilən sifarişlərlə bağlı mənzərə daha ehtiyatlıdır. Bu, sənayedə hazırkı istehsal fəallığının gələcək sifariş axını ilə tam eyni tempdə olmadığını göstərən siqnaldır.
Rəsmi statistika da sənayedə qarışıq mənzərəni göstərir: 2026-cı ilin yanvar-avqustunda ümumi sənaye istehsalı real ifadədə 0,4% azalıb, lakin emal sənayesində istehsal 3,4% artıb. Başqa sözlə, sənayedə müsbət işgüzar fəallıq göstəricisinin arxasında xüsusilə emal sənayesindəki dinamikanın əhəmiyyətli rolu ola bilər.
Pərakəndə ticarətdə avqust “sıçrayışı”
Ən maraqlı dəyişikliklərdən biri pərakəndə ticarətdədir. İlin ilk üç ayında indeks mənfi olub: yanvarda -2,7, fevralda -3,7, martda -3,7. Apreldən etibarən isə göstərici müsbət zonaya keçib və avqustda 18,7 ilə ilin ən yüksək səviyyəsinə çatıb. İyulda indeks 8,2 idi. Deməli, yalnız bir ay ərzində 10,5 bəndlik yüksəliş baş verib. Avqust göstəricilərinin daxilində də maraqlı məqamlar var. Faktiki satışlar 20,5, satışlar üzrə gözləntilər 19,4 təşkil edib. Mal ehtiyatlarının dəyişməsi isə mənfi “-16,3” olub.
Üstəlik, bu dinamika real satış statistikası ilə də müəyyən qədər üst-üstə düşür: Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqustda pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9% artıb. Qeyri-ərzaq malları üzrə artım isə 6,9% olub. Deməli, pərakəndə sektorda biznes sorğusunun verdiyi müsbət siqnal tamamilə statistik reallıqdan ayrılmır.
Xidmət sektorunda müsbətlik qorunur, amma əvvəlki gücdə deyil
Xidmət sektorunda vəziyyət daha sabitdir. 2026-cı ilin bütün ilk 8 ayında indeks müsbət olub. Yanvarda 20,6 olan göstərici fevralda 25,7-yə yüksəlib, daha sonra dalğalanaraq avqustda 15,2 səviyyəsində qərarlaşıb.
Yəni xidmət sektoru mənfi zonaya düşməyib, lakin ilin əvvəlindəki və xüsusilə maydakı yüksək göstəricilərdən aşağıdadır.
Avqustda biznes şəraiti 11,6; faktiki tələb 1,8; tələb gözləntisi 32,1; qiymət gözləntiləri 30,0 olub.
Burada ən maraqlı rəqəm 32,1-lik tələb gözləntisidir. Bu o deməkdir ki, xidmət şirkətlərində növbəti dövrə dair tələb gözləntiləri faktiki tələbdən xeyli yüksəkdir. Başqa sözlə, biznesin gələcəyə baxışı cari vəziyyətdən daha optimistdir.
Tikintidə əsas problem: sifariş borusu
Real sektor indekslərinin avqust nəticələrində ən ciddi sual məhz tikinti ilə bağlıdır.
Tikinti İnam İndeksi ancaq mənfi zonada olub. Yanvarda -26,2, fevralda -21,0, martda -21,4, apreldə -24,9, mayda -20,5, iyunda -18,0, iyulda -30,9, avqustda -32,3.
Avqust göstəricisi ilin ən aşağı səviyyəsidir.Daha vacib məqam isə indeksin özündən çox onu formalaşdıran göstəricilərdir.
Avqustda tikinti işlərinin həcmi: +1,0 , icraya qəbul edimiş sifarişlər: -52,2 işçilərin sayının dəyişməsi gözləntisi: -12,4 qiymət gözləntiləri: -24,6 təşkil edib.
Burada çox ciddi ziddiyyət yaranır. Belə ki, tikinti işlərinin faktiki həcmi mənfi zonadan çıxaraq +1,0-a yüksəlib, amma yeni sifarişlər -52,2 səviyyəsindədir. Yəni bu gün görülən işlərlə sabah üçün formalaşan sifariş portfeli arasında ciddi fərq var. Bu, tikinti sektorunun qarşıdakı dövrü üçün əsas risk siqnalıdır.
Üstəlik, işçi sayının dəyişməsi ilə bağlı gözləntilərin də -12,4 olması şirkətlərin yaxın dövr üçün məşğulluq planlarında ehtiyatlı davrandığını göstərir.
Tikintidəki mənfi siqnal rəsmi statistika ilə də üst-üstə düşür
Mərkəzi Bankın biznes sorğusu ilə Dövlət Statistika Komitəsinin faktiki göstəricilərini yanaşı qoyanda tikinti üzrə mənzərə daha aydın görünür. 2026-cı ilin yanvar-avqustunda Azərbaycan iqtisadiyyatında ÜDM real ifadədə 1,2% artıb. Lakin tikintidə əlavə dəyər 12,5% azalıb.
Beləliklə, tikintidə həm “sərt statistika”, həm də biznes sorğusu eyni istiqamətə işarə edir. Daha maraqlısı isə odur ki, tikinti üzrə işgüzar fəallıq indeksi 2025-ci ilin avqustunda -5,5 olduğu halda, 2026-cı ilin avqustunda -32,3-ə düşüb. Yəni bir il ərzində 26,8 bəndlik pisləşmə baş verib.
Beləliklə, 2026-cı ilin yanvar-avqustunda ölkə iqtisadiyyatının 1,2% böyüməsi ümumi mənzərənin müsbət olduğunu göstərir. Ancaq real sektorun daxilində ciddi fərqlər yaranıb.
Xüsusilə tikinti sektorunda sifarişlərin -52,2 səviyyəsində olması gələcək aktivlik baxımından izlənməli əsas göstəricilərdən biridir.















