Birja

Hürmüz boğazındakı risklərə baxmayaraq neft ucuzlaşıb (15.10.2026)

Dünya bazarlarında neftin qiyməti Hürmüz boğazı ətrafında gəmiçilik risklərinin artmasına baxmayaraq, ABŞ-ın bəzi neft tankerlərinə qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirməsi fonunda geriləyib.

ENA.az xəbər verir ki, “Brent” markalı neftin fyuçersləri 1,31% ucuzlaşaraq bir barel üçün 104,67 dollara, ABŞ-ın “WTI” markalı neftinin qiyməti isə 1,07% azalaraq 94,07 dollara düşüb. Beləliklə, hər iki markanın qiyməti əvvəlki sessiyada əldə etdiyi artımı itirib.

Əvvəlki sessiyada “WTI” nefti Səudiyyə Ərəbistanında “Saudi Aramco”nun baş qərargahına hücum və İranın Hürmüz boğazında gəmilərə qarşı yeni taktikalardan istifadə etdiyini açıqlaması fonunda son üç həftənin ən yüksək səviyyəsinə yüksəlmişdi. Bundan başqa, boğaz yaxınlığında iki yük gəmisinin hücuma məruz qalaraq batdığı bildirilir.

ABŞ administrasiyası neft qiymətlərini azaltmaq məqsədilə Rusiya, İran və Venesuela kimi ölkələrdən neft daşıyan, “kölgə donanması” adlandırılan tankerlərə qarşı sanksiyaların yumşaldılmasını müzakirə edir. Təklifin əvvəllər sanksiyaya məruz qalmış gəmilərlə qanuni neft daşınmasına icazə verilməsini nəzərdə tutduğu bildirilir.

Bununla yanaşı, Rusiyada və Yaxın Şərqdə hasilatın artması da qiymətlərə təzyiq göstərir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Rusiyanın xam neft hasilatı sentyabrda gündəlik 65 min barel artaraq 8,43 milyon barelə çatıb. Digər tərəfdən, ABŞ-ın Neft İnstitutunun məlumatlarına əsasən, ötən həftə ölkədə xam neft ehtiyatları 11,1 milyon barel azalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)