Birja

Neftin bahalaşmasından sonra bazarda qiymət korreksiyası qeydə alınıb (26.10.2026)

Dünya bazarlarında neftin qiyməti ötən həftə təxminən altı ayın maksimumuna yaxınlaşdıqdan sonra oktyabrın 26-da ucuzlaşıb. Səudiyyə Ərəbistanına hücumlar enerji təchizatı ilə bağlı narahatlıqları artırsa da, investorlar əvvəlki bahalaşmadan sonra mənfəətlərini reallaşdırmağa başlayıblar.

ENA.az xəbər verir ki, ABŞ-ın WTI markalı neftinin qiyməti 2,07% azalaraq bir barel üçün 101,13 dollara, “Brent” markalı neftin qiyməti isə 1,82% geriləyərək 114,60 dollara düşüb.

Ötən həftə husilərin Səudiyyə Ərəbistanına hücumları enerji təchizatında fasilələr yarana biləcəyi ilə bağlı narahatlıqları gücləndirmişdi. Nəticədə cümə günü neftin qiyməti təxminən 3 dollar artmış, həftəlik yekunda “Brent” 6%, WTI isə 2,3% bahalaşmışdı.

Həftəsonu da hücumlar davam edib. Husilər Səudiyyə Ərəbistanındakı hava limanını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar. Səudiyyə Ərəbistanı isə əlavə raket və pilotsuz uçuş aparatlarının qarşısının alındığını bildirib. Ölkə hücumlar nəticəsində zərər görən əsas hava limanında fəaliyyətləri qismən bərpa edib.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı 2027-ci ilin ikinci yarısından etibarən təchizat zəncirinin dayanıqlığını artırmaq məqsədilə Sinqapurda xam neft ehtiyatı saxlamağa başlayacaq. ABŞ Energetika Nazirliyi də Luiziana ştatındakı neft emalı zavodunda yaranmış təchizat problemini aradan qaldırmaq üçün Strateji Neft Ehtiyatından 400 min barel neftin bazara çıxarılmasına icazə verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)