Noyabrda 4 gün tətil var, hara gedək? - Şəkiyə! Şəkidə harda qalaq, haranı gəzək? – I YAZI
Bəzən elə şəhərlər var ki, onları sadəcə gəzmirsən — rənglərini, qoxusunu, ruhunu özünlə gətirirsən. Mənim üçün Şəki belə şəhərlərdən biri oldu. ENA olaraq qatıldığım media turu zamanı payızın Şəkisinə vuruldum: qızılı yarpaqların arasından boylanan qədim memarlıq, küçələrə xüsusi yaraşıq verən rəngbərəng ağaclar, tarixin hər daşda iz saldığı evlər və özünəməxsus sakit Şəki ab-havası... Sanki şəhər payızda bütün rənglərini üzə çıxarır, hər döngəsində başqa bir mənzərə, hər küçəsində yeni bir hekayə gizlədirdi.
İndi qarşıda uzun bir bayram tətili var — 7–10 noyabr tarixlərini Şəkidə keçirməyə necə baxırsınız? Bu dörd gün gündəlik tələskənlikdən uzaqlaşmaq, gözəl mənzərələr seyr etmək, tarixi məkanları kəşf etmək, yerli mətbəxin dadına baxmaq və ən əsası, bir az da özünüzə vaxt ayırmaq üçün əla fürsətdir. Üstəlik, Şəki elə şəhərdir ki, onun gözəlliyini görmək üçün tələsmək lazım deyil: bəzən qədim bir küçədə yavaş-yavaş addımlamaq, rəngli yarpaqların xışıltısını dinləmək və bir fincan çay içə-içə şəhəri seyr etmək kifayətdir.
Bəs Şəkidə bu dörd günü necə keçirməli, haraları görməli, nə yeməli və hansı təcrübələri qaçırmamalısınız? Gəlin, payızın ən rəngli ünvanlarından birinə birlikdə səyahət planlaşdıraq.
Birinci gün - Şəkiyə gedən yol: səyahət elə yoldan başlayır
Şəkiyə çatmaq üçün Ağsu, Şamaxı və ya Kürdəmir istiqamətini seçə bilərsiniz. Bakıdan yola çıxdıqda sizi təxminən 4–5 saatlıq səfər gözləyir. Amma bu yolun gözəlliyi ondadır ki, səyahət yalnız mənzil başına çatanda başlamır — bəzən ən xoş xatirələr elə yolun özündə yaranır.

Şəxsi avtomobillə gedirsinizsə, Ağsu, Şamaxı istiqamətini seçmək daha maraqlı ola bilər. Şamaxı, İsmayıllı və Qəbələdən keçən marşrut yolboyu mənzərələrdən zövq almağa, istədiyiniz yerdə dayanıb payızın rənglərini seyr etməyə imkan verir. Noyabrın əvvəlində ağacların sarı, qızılı və qırmızı çalarları səyahətə xüsusi gözəllik qatır. Ağsu yolunun bəzi hissələrində təmir işləri aparılsa da, bu, səfərinizi ciddi şəkildə uzatmaya bilər.
Kiçik məsləhətimiz: yola tələsmədən çıxın, sevdiyiniz musiqiləri seçin və mənzərəli yerlərdə dayanmaq üçün özünüzə vaxt saxlayın. Axı Şəkiyə gedən yol da Şəkinin özündən az maraqlı deyil.
Harada qalaq? Zövqünüzə uyğun bir Şəki
Şəkidə qonaqlama seçimi həm büdcənizdən, həm də bu şəhərdə necə istirahət etmək istəməyinizdən asılıdır. İstər rahatlığı və yüksək xidmət səviyyəsini seçin, istərsə də qədim kənd evinin səmimiyyətini — Şəki hər zövqə uyğun bir guşə tapa biləcəyiniz şəhərdir.
Rahatlıq və mənzərə axtaranlara — Marxal. Şəhər mərkəzindən bir qədər aralıda yerləşən beşulduzlu Marxal oteli sakitlik, rahatlıq və təbiət qoynunda dincəlmək istəyənlər üçün seçim ola bilər. Səhər yeməyi daxil bir gecəlik qiymətlər 250 manatdan başlayır.
.jpg)
Kənd evinin ruhunu hiss etmək istəyənlərə — “Ruh açarı”. Marxaldan təxminən 10 dəqiqəlik məsafədə yerləşən Kiş kəndindəki bu qonaqlama evi adının yaratdığı təəssüratı doğruldur. Qədim kənd evinin ab-havası, səliqəli interyeri və müasir rahatlığı bir araya gətirən məkanın gecəlik qiyməti səhər yeməyi daxil 100 manatdır. Burada səhər oyananda şəhərin səs-küyündən uzaqda, kəndin özünəməxsus sakitliyini duymaq mümkündür.
Şəhərin mərkəzində qalmaq istəyənlərə — Old Town Sheki və Art Hotel by ABAD.
Tarixi küçələrə yaxın olmaq, şəhərin gündəlik həyatını hiss etmək və gəzintilərə elə qaldığınız yerdən başlamaq istəyirsinizsə, bu seçimlərə nəzər sala bilərsiniz. Təqdim olunan qiymətlərə əsasən, gecələmə 100 manat civarından başlayır. Yuxarı Karvansarayda isə üç nəfərlik ailə üçün Deluxe otaq 50 manat qiymətinə təklif olunur.
Qeyd edək ki, göstərilən qiymətlər dəyişə bilər. Səfərdən əvvəl seçdiyiniz məkanla əlaqə saxlamaq və 7–10 noyabr tarixləri üçün mövcudluğu dəqiqləşdirmək yaxşı olar.
Beləliklə, birinci günü yola, istirahətə sərf etsəniz tam enerji ilə Şəkini kəşf etməyə hazır ola bilərsiniz.
İkinci gün: qədim Şəkinin qapısından içəri
Şəki ilə tanışlığa başlamaq üçün ən doğru ünvanlardan biri “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğudur. Bura sadəcə tarixi tikililərin toplandığı ərazi deyil; Şəkinin yaddaşını, sənətini və həyat tərzini bu günə daşıyan bütöv bir məkandır.
Qala divarlarının arasından keçərkən özünüzü bir anlıq başqa zamana düşmüş kimi hiss edə bilərsiniz. Qoruğun ərazisində Şəki Xan sarayı, Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, Şəbəkə emalatxanası, ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi, sənətkarlıq emalatxanası və Dulusçuluq Mərkəzi ilə tanış olmağa dəyər.
Burada hər məkanın öz hekayəsi var: birində tarix danışır, digərində rənglər və naxışlar, başqa birində isə ustaların əllərində canlanan sənət. Şəkinin ruhunu yaxından hiss etmək istəyirsinizsə, bu ünvanlara tələsmədən vaxt ayırın.
Qoruğun əsl göz bəbəyi isə, şübhəsiz, Şəki Xan sarayıdır.
.jpg)
Sarayın giriş haqqı Azərbaycan vətəndaşları üçün 2 manat, xarici ölkə vətəndaşları üçün 15 manat olaraq göstərilir. Şəhid ailələri, qazilər və əlillər üçün giriş pulsuzdur, tələbələrə isə endirim nəzərdə tutulur. Bilet alarkən güzəştlər barədə məlumat almağı unutmayın.
Şəki xan sarayı: Divarları, şüşələri nağıl danışan saray
Təsəvvür edin: XVIII əsrdir. Şəkinin küçələrində atların nal səsi eşidilir, karvansaralara uzaq ölkələrdən tacirlər gəlir, ipək parçalar bazarlarda göz qamaşdırır. Şəhərin yüksəkliklərindən birində isə elə bir saray ucalır ki, onun gözəlliyini görmək üçün qapıdan içəri girmək belə vacib deyil. Pəncərələrinə baxmaq kifayətdir - rəngli şüşələrin arxasında sanki bütöv bir dünya gizlənib.
Bu, Şəki Xan sarayıdır — ağacın, şüşənin, rəngin və naxışın bir-biri ilə danışdığı memarlıq möcüzəsi. Onun gözəlliyi yalnız ilk baxışda heyran etməsində deyil, hər dəfə diqqətlə baxdıqca yeni bir sirrini açmasındadır.
1. Bir mismarsız yaradılan möcüzə
Tikiləndə bir mismardan, yapışqandan istifadə edilməyib. Pəncərələrə diqqətlə baxın. Rəngli şüşələr ağacdan hazırlanmış incə qəfəslərin içində elə ustalıqla yerləşdirilib ki, bütöv bir rəsm təsiri yaradır. Ənənəvi şəbəkə texnikasında ağac hissələri bir-birinə keçirilir, şüşələr isə xüsusi yuvalara yerləşdirilir. Şəbəkələrin hər bir kvadrat metri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkədən ibarətdir. İndi gözünüzün qarşısına belə bir səhnə gətirin: günəş sarayın pəncərələrindən içəri süzülür. Qırmızı, mavi, yaşıl və sarı şüşələrdən keçən işıq döşəməyə, divarlara, insanların üzərinə rəngli kölgələr salır. Sanki saray gün ərzində bir neçə dəfə libasını dəyişir. Bu, sadəcə dekorasiya deyil. Bu, işıqla qurulmuş memarlıqdır.
.jpg)
2. İpək Yolunun sərvətindən doğan saray
Sarayın tarixi XVIII əsrə gedib çıxır. Həmin dövrdə Şəki xanlığı Qafqazın mühüm siyasi və iqtisadi mərkəzlərindən biri idi. İpək Yolu üzərində yerləşməsi, inkişaf etmiş ipəkçiliyi və ticarət əlaqələri şəhərə xüsusi nüfuz qazandırmışdı.
Sarayın sifarişçisi Məhəmmədhüseyn xan olub. Şəki xanlığının banisi Hacı Çələbi xanın nəvəsi olan Məhəmmədhüseyn xan Müştaq təxəllüsü ilə şeirlər yazması ilə də tanınıb.
Bu detal saraya baxışınızı bir az da dəyişir: qarşınızdakı tikili yalnız hakimiyyətin və sərvətin rəmzi deyil, həm də dövrünün zövqünü, düşüncəsini və estetik dünyasını əks etdirən bir əsərdir.
3. Altı otaq, dörd dəhliz, iki güzgülü eyvan — hər küncdə ayrı bir hekayə
Təxminən 30 metr uzunluğunda və 300 kvadratmetr sahəsi olan saray altı otaqdan, dörd dəhlizdən və iki güzgülü eyvandan ibarətdir. Ancaq onun dəyəri ölçülərində deyil, bu məkanların hər birinə hopmuş incəlikdədir.
Sarayın divarlarını bəzəyən təsvirlər əl işidir. Rəssamlar təbii boyalardan istifadə edib, rəngləri otlardan və çiçəklərdən əldə olunan maddələrlə hazırlayıblar. Boyaların hazırlanmasında yumurta sarısı, qızıl suyu və sirkədən də istifadə edilib. Bu gün divarlara baxanda yalnız rəngləri deyil, həmin rənglərin arxasında dayanan zəhməti və sənətkarlığı da görmək mümkündür.
Sarayın otaqları arasında gəzdikcə hər məkanın öz funksiyasına uyğun qurulduğunu anlayırsınız. Məsələn, dəftərxana dövlət sənədlərinin hazırlandığı və saxlanıldığı yer olub. Otağın divarlarında bəzək təsvirlərinin olmaması diqqətin yazıdan yayınmaması ilə əlaqələndirilir.
Divanxanada qəbul edilən qərarlarla bağlı sənədlər də burada saxlanılıb. Dəftərxananın tavanı digər otaqlarla müqayisədə təxminən 50–60 santimetr alçaqdır. Çünki üstündə Hüseyn xanın xanımının otağı yerləşib. Burada danışılan dövlət sirlərini qadınlar eşitməsin deyə, arasında hava qatı var.
4. Sarayın qadın otaqları: çiçəklərin, zərifliyin və simvolların dili
Xanın xanımına aid otağın divar rəsmləri digər məkanlardan seçilir. Burada çiçəklər, süsən təsvirləri və qadın gözəlliyi ilə əlaqələndirilən sərv ağacları xüsusi yer tutur. Bəzəklərdəki incəlik sarayın ümumi əzəmətindən fərqli, daha zərif və sakit bir ovqat yaradır.
Tarixi məkanın planlaşdırılmasında şəxsi həyatın qaydaları da nəzərə alınıb. Kişilər və qadınlar üz-üzə gəlməsin deyə, ayrı pilləkənlərdən istifadə edildiyi bildirilir. Qapıların alt hissələrinin hündür olması isə o dövrün oturma və məişət vərdişləri ilə əlaqələndirilir.
.jpg)
Maraqlı məqamlardan biri də Hüseyn xanın ailə həyatı barədə rəvayətlərdir. Müştaq təxəllüsü ilə şeirlər yazan xanın hərəmxanasının olmadığı, həyat yoldaşı və altı övladı — üç oğlu, üç qızı ilə yaşadığı qeyd edilir.
Sarayın qonaq otağındakı pəncərələr də yalnız gözəllik elementi olmayıb. Onlar yuxarı qaldırıldıqda otaq eyvana çevrilə, bağlandıqda isə yenidən qapalı məkan yarada bilirdi. Bu, müasir insanın pəncərələrdə axtardığı rahatlığın əsrlər əvvəl başqa üsullarla necə düşünülə bildiyini göstərən maraqlı nümunədir.
5. Divarlardakı simvollar: nar ağacından döyüş səhnələrinə
Sarayın divar və tavanlarını diqqətlə seyr etdikdə burada sadəcə naxışların deyil, bütöv bir təsvir dünyasının yaradıldığını görəcəksiniz. Divarlarda döyüş və ov səhnələri, bayraqlar, gerblər və insan fiqurları əks olunub. Təxminən 400 insan obrazının olduğu bildirilir. Bu fiqurlar bir-birinə bənzəsə də, təkrarlanmır.
Təsvirlərdə konkret tarixi döyüşün səhnələrindən çox, rəssamın təxəyyülünün izləri görünür. Hər detal sarayın bədii dünyasını zənginləşdirir və tamaşaçını daha diqqətli baxmağa çağırır.
Xanın şəxsi otağındakı nar ağacı təsviri isə xüsusi maraq doğurur. Nar bolluq, bütövlük və birlik rəmzi kimi yozulur. Meyvənin başındakı tacı xatırladan forması da simvolik məna ilə əlaqələndirilir.
Tavanın bir hissəsində binanın memarı ustad Abbasın, qarşı tərəfdə isə bərpaçı rəssam Qarabağlı Qəmbərin adının qeyd olunduğu bildirilir. Bu imzalar sarayın gözəlliyinin arxasında dayanan ustaların yaddaşını bu günə gətirir.
6. On ilə ərsəyə gələn sənət əsəri
Sarayın tikintisinin təxminən on il çəkdiyi bildirilir: iki il tikinti işlərinə, səkkiz il isə dekorasiyaya sərf olunub. Bu müddətə nəzər salanda binanın hər detalına niyə bu qədər zəhmət və diqqət ayrıldığını daha yaxşı anlamaq olur.
Sarayın dəfələrlə bərpa edildiyi, hazırkı vəziyyətində tikilinin təxminən 85 faizinin orijinal, 15 faizinin isə bərpa olunmuş hissələrdən ibarət olduğu qeyd edilir. Bərpa işləri əsasən döşəmə və dam örtüyü, eləcə də bəzi şəbəkə və divar rəsmləri ilə bağlı olub. Orijinal şüşələrin qalınlığının təxminən 1 millimetr, bərpa zamanı istifadə olunan şüşələrin isə 3 millimetr olduğu bildirilir.
Sarayın inşasına 32 min çervon, yaxud İran tüməni həcmində vəsait xərclənməsi barədə məlumatlar da var. Həmin dövrdə bu pul vahidlərinin hər birinin təxminən 3,4 qram qızıl dəyərində olduğu qeyd edilir. Müqayisə üçün, Şəki xanlığında bir il ərzində toplanan töycünün 7 min çervona çatmadığı göstərilir. Bununla belə, 32 min çervonun yalnız sarayın inşasına, yoxsa bütün qala kompleksinə sərf olunduğu dəqiq müəyyənləşdirilməyib.
.jpg)
Memarlıq tarixinin maraqlı səhifələrindən biri də qala ərazisinin sonrakı taleyidir. Qaladakı indiki kilsənin 1828-ci ilədək xanın ev məscidi olduğu, həmin il rus hakimiyyəti dövründə dəyişdirilərək kilsəyə çevrildiyi bildirilir. Qalanın dörd küncündəki iri bürclərin də sonradan ruslar tərəfindən tikildiyi qeyd olunur.
Bütün bu təbəqələr sarayı yalnız bir dövrün yadigarı olmaqdan çıxarır. O, Şəkinin müxtəlif zamanlardan keçən tarixinin, dəyişən hakimiyyətlərin və qorunub saxlanmağa çalışan mədəni irsinin canlı şahididir.
Saraydan ayrılarkən...
Şəki Xan sarayından çıxanda bir az dayanıb arxaya baxın. Rəngli şüşələrin arxasında qalan işığa, naxışların arasına gizlənən incə sənətə, əsrlərin səsini qoruyan divarlara bir daha nəzər salın. Burada gözəllik yalnız gördüklərinizdə deyil, hiss etdiklərinizdədir.
Dünya şöhrətli türk şairi Nazim Hikmətin saray haqqında söylədiyi bu sözlər də məhz həmin heyranlığı ifadə edir: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi”.
.jpg)
Bəlkə də Şəkinin sehri elə bundadır: o, insana yalnız tarix göstərmir, həm də öz keçmişinə, köklərinə və gözəlliyə başqa gözlə baxmağı öyrədir. Və günün sonunda anlayırsınız ki, Şəkiyə sadəcə gəzmək üçün gəlməmisiniz. Bir az sakitləşmək, bir az heyran olmaq, bir az da ürəyinizə yaxşı gələn şeyləri xatırlamaq üçün gəlmisiniz. Çünki bəzi şəhərlər xəritədə bir ünvan, bəziləri isə insanın yaddaşında isti bir xatirədir.
Bəs səyahətin qalan günlərini necə planlaşdırmalı, Şəkidə hansı ləzzətləri dadmalı, bu şəhərdən özünüzlə nə aparmalısınız? Bunları növbəti yazımızda danışacağıq.
İkinci yazıda oxuya bilərsiniz:
- 3-cü gün — Kiş kəndinə səfər: Qədim Kiş Alban məbədi və əsrlərin o üzündən gələn tarixlə tanışlıq.
- 4-cü gün — vaxtınız qalarsa: Şəkixanovların evi, Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun Xatirə Muzeyi və Ağvanlar hamamı.
- Şəkidə nə yemək mütləqdir? Şəhərin yaddaşlarda qalan dadları, yerli mətbəxin özünəməxsus ləzzətləri.
- Şəkidən nə almaq lazımdır? Sevdikləriniz üçün hədiyyələr, sənətkarların əl işləri və bu şəhərin ruhunu evinizə daşıyacaq xatirələr.
Qeyd: yazı DTA-nin Şəki şəhərinə təşkil etdiyi media-səfər çərçivəsində yaranan təəsüratlar əsasında hazırlanıb


















