Gündəm

Qazaxıstanda varlılar üçün vergilər artırıla bilər – Tokayevdən təklif

Qazaxıstanda böyük sərvətə malik vətəndaşlar üçün daha yüksək vergi dərəcələrinin tətbiqi müzakirəyə çıxarılacaq. Ölkə Prezidenti Kasım-Jomart Tokayev varlı şəxslərin dövlət büdcəsinə daha çox töhfə verməsinin vacibliyini bildirib.

ENA.az xəbər verir ki, Tokayev bu barədə oktyabrın 28-də Qazaxıstan xalqına illik müraciəti zamanı danışıb.

Prezident bildirib ki, iri sərvət sahibləri üçün artırılmış vergi dərəcəsinin tətbiqini müzakirə etməyin vaxtı çatıb. Bununla belə, qanuni yollarla əldə edilmiş aktivlərin məhdudlaşdırılması nəzərdə tutulmur.

Tokayevin sözlərinə görə, əsas məqsəd hər bir vətəndaşın ölkənin inkişafına maliyyə imkanlarına uyğun töhfə verməsidir.

Prezident Qazaxıstan hökumətinə və Qurultaya məsələni araşdıraraq müvafiq təkliflər hazırlamağı tapşırıb. Hələlik yeni verginin konkret dərəcəsi, hansı məbləğdən yuxarı sərvətlərə şamil olunacağı və tətbiq tarixi açıqlanmayıb.

Qazaxıstanda yüksək gəlirlər üçün artırılmış vergi dərəcəsi artıq mövcuddur. 2026-cı il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərin illik vergiyə cəlb olunan gəlirlərinin 36,76 milyon tengedən yuxarı hissəsinə 15%, bu həddə qədər olan hissəsinə isə 10% gəlir vergisi tətbiq edilir.

Tokayev həmçinin vergi sistemində şəffaflığın artırılmasını, süni intellekt və rəqəmsal texnologiyalar vasitəsilə vergi yığımının yaxşılaşdırılmasını, kölgə iqtisadiyyatının və korrupsiya risklərinin azaldılmasını vacib sayıb.

Prezidentin sözlərinə görə, yeni Vergi Məcəlləsinin tətbiqi zamanı biznesin üzləşdiyi çətinliklər də nəzərə alınmalı, zərurət yarandıqda qanunvericiliyə dəyişiklik edilməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)