Binance-ə hücumdan sonra Bitcoin gözləniləndən daha dayanıqlı olub
Dünyanın ən böyük kriptovalyuta birjası Binance-ə qarşı 6,3 milyard dollarlıq kiberhücumdan sonra Bitcoin gözləniləndən daha dayanıqlı mövqe nümayiş etdirib. İnvestorların ciddi eniş gözləntilərinə baxmayaraq, kriptovalyutanın qiyməti kəskin ucuzlaşmayıb.
ENA.az verir ki, Bitcoin noyabrın 2-də təxminən 1% bahalaşaraq 78 300 dollar ətrafında ticarət olunub. Bununla belə, qiymət Binance hücumu barədə məlumat açıqlanmamışdan əvvəlki cümə axşamının maksimum göstəricisindən təxminən 4% aşağıdır.
Analitiklər Bitcoin-in dayanıqlığını Binance-in oğurlanan vəsaitləri kompensasiya edəcəyinə dair açıqlamaları ilə əlaqələndirirlər. Orbit Markets şirkətinin həmtəsisçisi Kerolayn Mauronun sözlərinə görə, bazar Binance-in itkiləri qarşılamaq üçün kifayət qədər maliyyə resursuna malik olduğuna inanır.
Bununla belə, kriptovalyuta bazarında narahatlıq qalmaqdadır. Treyderlər süni intellekt texnologiyalarının kiberhücumlarda istifadəsinin artması ilə yeni təhlükəsizlik insidentlərinin baş verə biləcəyindən ehtiyat edirlər. Bitcoin-in qiymətinin enməsinə qarşı qorunma alətlərinə tələbin artması da bu narahatlığın göstəricisi kimi qiymətləndirilir.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə FTX kriptovalyuta birjasının çöküşü zamanı Bitcoin cəmi üç gün ərzində 19% ucuzlaşmışdı. Analitiklər hazırkı hadisənin bazar tərəfindən sistemli böhran deyil, əməliyyat təhlükəsizliyi problemi kimi qəbul edildiyini bildirirlər.
ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) Binance və 2025-ci ildə Bybit birjasına qarşı həyata keçirilən hücumları Şimali Koreya ilə əlaqələndirilən TraderTraitor haker qrupu ilə bağlayıb.


















