İnşaat və əmlak

Azərbaycanda mənzillər yenə bahalaşıb

Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı oktyabr ayında da davam edib. Yeni tikili mənzillər və torpaq sahələri bahalaşdığı halda, köhnə tikililərin satış qiymətləri sabit qalıb. Mənzillərin kirayəsində isə müəyyən ucuzlaşma qeydə alınıb.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin oktyabr ayı üzrə açıqladığı daşınmaz əmlak bazarı indekslərində bildirilir.

Palatanın məlumatına əsasən, yeni tikili mənzillərin bir kvadratmetrinin median satış qiyməti sentyabrdakı 2 850 manatdan oktyabrda 2 888,9 manata yüksəlib. Aylıq bahalaşma 1,4%, 2025-ci ilin dekabr ayı ilə müqayisədə isə 9,4% təşkil edib. Yeni tikililərdə mənzilin median ümumi satış təklifi 271 min manatdan 275 min manata çatıb.

Köhnə tikili mənzillərdə isə sentyabrda qeydə alınmış 2,5%-lik bahalaşmadan sonra qiymət artımı demək olar ki, dayanıb. Oktyabrda bu seqment üzrə median satış qiyməti 2 692,3 manat/kvadratmetr olmaqla əvvəlki ayın səviyyəsində qalıb. Bununla belə, köhnə tikililər ötən ilin dekabrına nəzərən 6,8% bahadır. Median mənzil qiyməti 179 min manat təşkil edib.

Maraqlıdır ki, AQP-nin son aylarda açıqladığı hesabatlarda mənzil qiymətlərinin artması tez-tez diqqət mərkəzinə çıxarılır. Lakin sentyabr və oktyabr göstəricilərinin müqayisəsi bahalaşmanın bütün seqmentlərdə eyni sürətlə getmədiyini göstərir. Belə ki, sentyabrda yeni tikililərdə qiymətlər 2,8%, köhnə tikililərdə 2,5% yüksəldiyi halda, oktyabrda artım müvafiq olaraq 1,4% və cəmi 0,04% olub.

Üstəlik, Palatanın açıqladığı median qiymətlər bazardakı satış təkliflərini əks etdirir. Bu göstəricilər mənzillərin faktiki hansı məbləğə satıldığı ilə eyniləşdirilməməlidir. Elanlarda tələb olunan qiymətlərə satıcıların gözləntiləri, yerləşmə və mənzillərin xüsusiyyətləri də təsir göstərir.

Dövlət Statistika Komitəsinin son göstəriciləri də mənzil bazarında bahalaşmanın davam etdiyini, lakin artım tempinin zəiflədiyini göstərir.

DSK-nin məlumatına görə, 2026-cı ilin üçüncü rübündə ölkə üzrə mənzil qiymətləri əvvəlki rüblə müqayisədə 1,4% yüksəlib. İlkin mənzil bazarında artım 1,3%, təkrar bazarda isə 1,4% olub. Halbuki ümumi mənzil bazarında qiymətlər birinci rübdə 2,2%, ikinci rübdə 1,6% artmışdı.

İllik müqayisədə isə bahalaşma daha yüksəkdir. Üçüncü rübdə mənzil bazarında qiymətlər ötən ilin eyni dövrünü 8,4% üstələyib. İlkin bazarda illik artım 10,4%, təkrar bazarda isə 8,4% təşkil edib. Beləliklə, həm AQP-nin aylıq, həm də DSK-nin rüblük statistikası qiymət artımını təsdiqləsə də, son dövrdə bahalaşmanın sürətində zəifləmə müşahidə olunur.

Oktyabrda mənzillərin kirayə bazarında isə əks tendensiya qeydə alınıb. Yeni və köhnə tikililərdə kirayə qiymətləri aylıq 1,8% azalıb. Median aylıq kirayə haqqı yeni tikililərdə 1 000 manat, köhnə tikililərdə 700 manat səviyyəsində qərarlaşıb.

Torpaq bazarında bahalaşma davam edib. Bir sot torpağın median təklif qiyməti sentyabrdakı 15 899,8 manatdan oktyabrda 16 250 manata yüksəlib. Aylıq artım 2,2%, aprel ayındakı baza dövrü ilə müqayisədə isə 21,9% olub.

Fərdi yaşayış evlərinin satış qiyməti indeksi aylıq 5% yüksəlib. Bu seqmentdə median ümumi satış təklifi 197 min manat təşkil edib. Eyni zamanda fərdi yaşayış evlərinin kirayə indeksi 42,3% azalıb. AQP bu kəskin azalmanı əsasən bahalı bağ evləri və villaların mövsümi təklif strukturundakı payının dəyişməsi ilə izah edir.

Kommersiya obyektlərinin satış qiymətləri demək olar ki, dəyişməsə də, onların icarəsində 6,7% artım qeydə alınıb. Qarajların satış qiymətləri 16,7%, icarə qiymətləri isə 20% yüksəlib. Bununla belə, qaraj bazarında müşahidə sayının məhdudluğu həmin göstəricilərin ehtiyatla qiymətləndirilməsini tələb edir.

Bu arada, Azərbaycan Qiymətləndiricilər Palatasının son dövrlərdə mənzil bazarında qiymət barədə biristiqamətli, yəni bahalaşma ilə bağlı mütəmadi açıqlamalar verməsidir. Bu cür məlumatlar bazardakı qiymət meyillərini əks etdirməklə yanaşı, alıcı və satıcıların gözləntilərinin formalaşmasında da müəyyən rol oynaya bilər. Xüsusilə qiymət artımının davamlı şəkildə ön plana çıxarılması bazar iştirakçıları arasında bahalaşma gözləntilərini gücləndirə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)