Rusiya özü müharibə aparmağına baxmayaraq İrana raket qurğuları verdi
Financial Times-ın araşdırmasına görə, Rusiya Ukraynada apardığı müharibənin yaratdığı hərbi və resurs məhdudiyyətlərinə baxmayaraq, İrana hərbi dəstəyini artırıb. Moskva Tehranla raket silahları sahəsində yeni razılaşma əldə edib.
Nəşrin əldə etdiyi Rusiya hərbi sənədlərinə əsasən, söhbət İran üçün 90 ədəd APU-L tipli, helikopterlərdə quraşdırılan raket buraxılış qurğusunun tədarükündən gedir. Bu qurğular Rusiyanın LMUR (İzdeliye 305) idarəolunan raketləri üçün nəzərdə tutulub.
Məlumatlar Rusiyanın raket istehsalçısı Vympel şirkətinin 2024-cü il istehsal planından götürülüb. Sənəddə alıcı tərəf “K-10” kodu ilə göstərilir. Bu kod Rusiyanın dövlət silah ixracatçısı tərəfindən İrana aid əməliyyatlarda istifadə edilib.
Bununla belə, sənədlər razılaşmanın mövcudluğuna işarə etsə də, raket qurğularının faktiki olaraq İrana çatdırılıb-çatdırılmadığını təsdiqləmir.
Raketlər Ukrayna müharibəsində də istifadə olunur
LMUR və ya “İzdeliye 305” adlanan raket Rusiyanın müasir idarəolunan silahlarından biridir. O, uçuş zamanı operator tərəfindən istiqamətləndirilə və hərəkətdə olan hədəfləri yüksək dəqiqliklə vura bilir.
Raketin sürəti təxminən saniyədə 230 metrdir. Bu isə onun 14 kilometr məsafəni təxminən bir dəqiqəyə qət etməsi deməkdir. Silahın əsas üstünlüklərindən biri dronlarla müqayisədə hədəfə daha sürətlə çatmasıdır.
APU-L qurğuları Rusiyanın Mi-28 hücum helikopterləri üçün nəzərdə tutulub və hər biri iki raket daşıya bilir. İranın da bu tip helikopterləri əldə etdiyi bildirilir.
Moskva Tehranla hərbi əməkdaşlığı niyə genişləndirir?
FT yazır ki, Rusiya ilə İran arasında hərbi əlaqələr 2022-ci ildə Ukraynada müharibənin başlamasından sonra daha da genişlənib. Tehran əvvəllər Rusiyaya Shahed hücum dronları tədarük edib və onların Rusiyada istehsalına kömək göstərib.
Moskva isə İrana hava hücumundan müdafiə sistemləri, raket texnologiyaları və hərbi məlumatlar sahəsində dəstək göstərməsi ilə gündəmə gəlib.
Nəşrin istinad etdiyi ekspertlər hesab edirlər ki, Rusiya İranı dəstəkləməklə yanaşı, Yaxın Şərqdəki digər tərəfdaşları və ABŞ-la münasibətlərini də nəzərə almağa çalışır. Buna görə də Moskvanın yardımı İranın hərbi imkanlarına təsir göstərsə də, müharibənin gedişini təkbaşına dəyişəcək miqyasda qiymətləndirilmir.



















