2027-ci ildə dolların taxtı laxlayacaq? Hansı ölkələrin valyutaları bahalaşa bilər?

Qlobal valyuta bazarında 2027-ci il üçün yeni rəqabət ssenarisi formalaşır. Hazırda dolların mövqeləri güclənsə də, analitiklər gələn ilin ikinci yarısında vəziyyətin dəyişə biləcəyini düşünürlər. Cənubi Koreya vonu, Tayvan dolları, Braziliya realı və Cənubi Afrika randı perspektivli valyutalar sırasında göstərilir. Türkiyə lirəsi üçün isə 2027-ci ilin sonunda dolların 62,50 lirəyə çatacağı proqnozlaşdırılır.
Dollar uzun müddətdir qlobal maliyyə bazarlarının əsas güc mərkəzlərindən biridir. Lakin 2027-ci ildə investorların diqqəti təkcə ABŞ valyutasının istiqamətinə deyil, ayrı-ayrı ölkələrin mərkəzi banklarının siyasətinə, faiz fərqlərinə və iqtisadi göstəricilərinə yönələcək.
ING Research-in hesabatına görə, dolların hazırkı üstünlüyü 2027- ci ilin ikinci rübündən etibarən zəifləməyə başlaya bilər. Bu prosesdən bütün valyutalar eyni dərəcədə faydalanmayacaq. Texnologiya ixracı güclü olan Asiya ölkələri, yüksək real faiz təklif edən bəzi inkişaf etməkdə olan bazarlar ön plana çıxa bilər.
Dollar niyə güclənib və nə vaxt zəifləyə bilər?
Son həftələrdə ABŞ dollarına tələbatın artmasının bir neçə səbəbi var. Qlobal fond bazarlarında satışlar investorları daha təhlükəsiz hesab etdikləri aktivlərə yönəldib. Bunun nəticəsində dollar indeksi 103,8 səviyyəsinə yüksəlib və illik müqayisədə 3,62% artım göstərib.
ABŞ Federal Ehtiyat Sisteminin (Fed) rəsmilərinin sərt bəyanatları da dolları dəstəkləyib. İnflyasiyanın davamlı xarakter alması faizlərin daha uzun müddət yüksək saxlanılması, hətta əlavə artırılması ehtimalını gücləndirib.
Bu şəraitdə avronun dollar qarşısında məzənnəsi də təzyiq altında qalıb və EUR/USD pariteti 1,10 səviyyəsindən aşağı düşərək son il yarımın minimumuna yaxınlaşıb.
Lakin ING Research-in ssenarisinə görə, 2027-ci ilin ikinci rübündən etibarən valyuta bazarında istiqamət dəyişə bilər. Hesabatda Fed-in 2026-cı ilin dekabrında daha bir faiz artımı edərək uçot dərəcəsini 4,25%-ə çatdıracağı, 2027-ci ilin son rübündə isə faiz endirimlərinə başlayacağı gözlənilir.
Dollar indeksinin 2027-ci ilin sonuna doğru 100 səviyyəsindən aşağı qayıtması ehtimalı da qeyd olunur. Bu, digər valyutalar üçün möhkəmlənmə imkanları yarada bilər.
Asiyada hansı valyutalar önə çıxır?
ING-nin proqnozunda Asiya regionunun texnologiya ixracatçıları xüsusi yer tutur. Süni intellektə investisiyalar, elektronika sifarişləri, ixrac gəlirləri və xarici kapital axınları bu ölkələrin valyutalarına dəstək verə bilər.
2027-ci ilin sonu üçün dollar qarşısında gözlənilən məzənnələr belədir:
Valyuta | 2027-ci ilin sonu üçün proqnoz | Əsas dəstək amili |
Cənubi Koreya vonu | 1 275 | Texnologiya ixracı və cari hesab profisiti |
Tayvan dolları | 31,50 | Süni intellekt investisiyaları və ixrac |
Çin yuanı | 6,50 | Xarici ticarət profisiti və valyuta gəlirləri |
Hindistan rupisi | 93 | Daxili tələbat və birbaşa investisiyalar |
İndoneziya rupisi | 18 200 | Faiz fərqlərinin daralması təzyiq yaradır |
Filippin pesosu | 64 | Cari kəsir və zəif investisiya axını riskləri |
Sinqapur dolları | 1,26 | Güclü iqtisadi artım və kapital axını |
Cənubi Koreya vonu ING-nin Asiyada daha çox güclənməsini gözlədiyi valyutalardandır. Bunun əsas səbəbi ölkənin texnologiya ixracı, cari hesab profisiti və ixrac gəlirlərinin daxili bazara qayıtmasıdır.
Tayvan dollarına süni intellekt texnologiyalarına investisiyaların və çip sifarişlərinin dəstək verəcəyi gözlənilir. Çin yuanı isə güclü xarici ticarət balansından faydalana bilər. Bununla belə, ING yuanın yalnız bir istiqamətdə bahalaşmasından deyil, daha çox ikitərəfli məzənnə hərəkətindən danışır.
İndoneziya rupisi və Filippin pesosu isə regionun daha riskli valyutaları sırasında göstərilir. Faiz üstünlüyünün azalması, siyasi qeyri-müəyyənlik, cari kəsir və kapital axını riskləri onların mövqelərini zəiflədə bilər.
Braziliya realı Meksika pesosunu qabaqlaya bilər
Latın Amerikası ölkələri arasında ING Braziliya realına daha müsbət yanaşır. Bankın fikrincə, yüksək faiz dərəcələri, müstəqil mərkəzi bank və enerji sahəsindəki üstünlüklər realı dəstəkləyən əsas amillərdir.
2027-ci ilin sonu üçün dolların 5 Braziliya realı səviyyəsində olacağı proqnozlaşdırılır. Meksika pesosu üçün isə daha ehtiyatlı ssenari nəzərdə tutulur. Mərkəzi Bankın faiz endirimləri nəticəsində ABŞ ilə faiz fərqinin daralması pesonu xarici şoklara qarşı həssas edə bilər. ING 2027-ci ildə Braziliya realının Meksika pesosundan daha yaxşı nəticə göstərəcəyini gözləyir.
Çili pesosu üçün də müsbət perspektiv var. Mis qiymətlərinin dəstəyi və investisiyaları təşviq edən vergi islahatları bu valyutanın möhkəmlənməsinə şərait yarada bilər.
Forint və rand da investorların diqqətində olacaq
Avropa, Yaxın Şərq və Afrika regionunda (EMEA) yüksək real faizlər və sərt pul siyasəti bəzi valyutalar üçün üstünlük yarada bilər.
ING-nin 2027-ci ilin sonu üçün avro qarşısında proqnozları belədir:
Valyuta | 2027-ci ilin sonu üçün proqnoz |
Macarıstan forinti | 360 |
Çex kronu | 24,17 |
Polşa zlotısı | 4,31 |
Rumıniya leyi | 5,45 |
Macarıstan forinti ING-nin Mərkəzi Avropada üstünlük verdiyi valyutadır. Avropa İttifaqı fondlarından daxilolmalar, maliyyə konsolidasiyası və güclü xarici ticarət balansı forintin mövqelərini dəstəkləyə bilər.
Cənubi Afrika randı da perspektivli valyutalar arasında göstərilir. ING 2027-ci ilin sonunda dolların 16 rand səviyyəsində olacağını proqnozlaşdırır. Sərt pul siyasəti, yüksək real gəlirlilik, enerji və yükdaşıma sahələrində islahatlar randın möhkəmlənməsinə kömək edə bilər.
İsrail şekeli üçün də cari hesab profisiti və yüksək valyuta ehtiyatları müsbət amillərdir. Bununla belə, texnologiya sektorundakı dalğalanmalar və Mərkəzi Bankın məzənnənin həddindən artıq bahalaşmasına ehtiyatlı yanaşması potensial artımı məhdudlaşdıra bilər.
2027-ci ilin valyuta bazarında əsas məsələ faiz fərqləri olacaq
ING-nin proqnozları göstərir ki, 2027-ci ildə valyuta bazarlarında dolların ümumi zəifləməsi bütün ölkələrin valyutalarının avtomatik bahalaşacağı anlamına gəlmir. Ölkələrin pul-kredit siyasəti, real faiz gəlirliliyi, xarici ticarət balansı, kapital axınları və siyasi risklər nəticələri fərqləndirəcək.
Bu baxımdan texnologiya ixracatçıları, yüksək real faiz təklif edən ölkələr və xarici balansı güclü olan iqtisadiyyatlar daha əlverişli mövqedə görünür. Qeyd edək ki, bunlar ING Research-in proqnozlarıdır, zəmanətli məzənnə nəticələri deyil. Mərkəzi bankların qərarları, enerji qiymətləri və geosiyasi hadisələr 2027-ci ildə valyuta bazarının istiqamətini dəyişə bilər.











