Əsas məzmuna keç
Bakı +12°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

FED-in sorğusunda maliyyə sabitliyi üçün əsas risk süni intellekt göstərilib

FED-in sorğusunda maliyyə sabitliyi üçün əsas risk süni intellekt göstərilib

ABŞ Federal Ehtiyat Sisteminin (FED) maliyyə sabitliyi ilə bağlı son sorğusunda süni intellekt sektoru iştirakçıların ən çox narahatlıq ifadə etdiyi risk kimi önə çıxıb.

ENA.az Bloomberg HT-yə istinadən xəbər verir ki, FED-in noyabr ayı üzrə Maliyyə Sabitliyi Hesabatına əsasən, sorğu iştirakçılarının 87%-i süni intellekti maliyyə sistemi üçün əhəmiyyətli risk hesab edib. Bu göstərici may ayında keçirilən əvvəlki sorğuda 50% təşkil edirdi.

İştirakçıların narahatlıqları əsasən üç istiqaməti əhatə edir: süni intellekt şirkətlərinin yüksək bazar dəyəri və mümkün qiymət korreksiyası, bu texnologiyadan istifadə etməklə həyata keçirilə biləcək kiberhücumlar, eləcə də süni intellekt infrastrukturu ilə bağlı mürəkkəb maliyyələşmə mexanizmləri.

Sorğuda digər əsas risklər arasında riskli aktivlərin qiymətlərində mümkün eniş 52%, uzunmüddətli faiz dərəcələrinin yüksəlməsi 48%, kiberhücumlar və dövlət borcunun dayanıqlılığı ilə bağlı narahatlıqlar isə ayrı-ayrılıqda 43% göstərilib.

FED-in hesabatına görə, süni intellekt və qabaqcıl hesablama infrastrukturu ilə əlaqəli borc emissiyaları 2026-cı ilin oktyabrına qədər 680 milyard dolları ötüb. Bu, 2023-cü ilin bütün dövründə qeydə alınan 130 milyard dollarlıq göstəricidən təxminən beş dəfə çoxdur.

Belə borclanmanın maliyyə olmayan şirkətlərin investisiya səviyyəli ümumi borc emissiyalarındakı payı 2023-cü ildə 6%-dən aşağı olduğu halda, 2026-cı ildə təxminən 31%-ə yüksəlib.

Hesabatda məlumat mərkəzlərinin qurulması ilə məşğul olan şirkətlər, kredit bazarları və özəl maliyyə qurumları arasında mürəkkəb əlaqələrin əlavə risklər yarada biləcəyi vurğulanır.

Qeyd edək ki, sorğu sentyabr və oktyabr aylarında banklar, investisiya fondları və maliyyə şirkətlərinin nümayəndələri də daxil olmaqla 23 iştirakçı arasında keçirilib. Sorğunun nəticələri FED-in və ya Nyu-York Federal Ehtiyat Bankının rəsmi mövqeyi deyil, bazar iştirakçılarının qiymətləndirmələrini əks etdirir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə