Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Deutsche Bank-ın səhmləri sızdırılmış sənədlərlə bağlı xəbərlərdən sonra 6%-⁠dən çox ucuzlaşıb

Deutsche Bank-ın səhmləri sızdırılmış sənədlərlə bağlı xəbərlərdən sonra 6%-dən çox ucuzlaşıb

Almaniyanın Deutsche Bank bankının səhmləri beynəlxalq jurnalistlər konsorsiumunun yaydığı araşdırmadan sonra kəskin ucuzlaşıb. Araşdırmada bankın ABŞ Prezidenti Donald Tramp, mərhum maliyyəçi Jeffrey Epstein və rusiyalı oliqarxlarla keçmiş əlaqələri barədə məlumatlar yer alıb.

ENA.az Reuters-ə istinadən xəbər verir ki, çərşənbə axşamı bankın səhmləri 6%-dən çox dəyər itirərək 2025-ci ilin aprelindən bəri ən böyük gündəlik enişini qeydə alıb.

“Der Spiegel”, “Financial Times”, “The New York Times” və “Le Monde” daxil olmaqla bir sıra media qurumlarında dərc olunan araşdırmalar 15 milyon daxili sənədin təhlilinə əsaslanır. Məlumatları 200-dən çox jurnalist araşdırıb. Reuters sənədlərdəki məlumatları müstəqil şəkildə dərhal təsdiqləyə bilmədiyini bildirib.

Araşdırmada, digər məsələlərlə yanaşı, 2017-ci ildə Trampın vergi sənədinin səhvən başqa müştərinin mühasibinə göndərilməsi və Deutsche Bank-ın 2022-ci ildə Ukraynaya qarşı müharibə başlayana qədər Rusiyadakı biznesini genişləndirməyə çalışması barədə məlumatlar yer alıb.

Deutsche Bank isə açıqlamasında araşdırmalarda diqqətə çatdırılan məsələlərin bir çoxunun illər əvvələ, bəzi hallarda isə təxminən 20 il əvvələ aid olduğunu bildirib. Bank həmin məsələlərin vaxtilə araşdırıldığını və müvafiq hallarda tənzimləyici qurumlarla əməkdaşlıq edildiyini qeyd edib.

Bankın məlumatına görə, 2019–2025-ci illərdə risklərə nəzarət və daxili idarəetmə sistemlərinin gücləndirilməsinə 7 milyard avro investisiya yatırılıb. Deutsche Bank 2025-ci ildə rekord mənfəət əldə etdiyini və son rüblərdə də müsbət nəticələr göstərdiyini vurğulayıb.

Bank mümkün maliyyə təsirinin əhəmiyyətli olmayacağını, hətta ümumiyyətlə belə bir təsirin yaranmaya biləcəyini bildirib. Bununla yanaşı, sızdırılmış sənədlərdə müştərilərə, əməkdaşlara və digər şəxslərə aid məxfi məlumatların yer aldığını qeyd edərək onların qorunması üçün tədbirlər gördüyünü açıqlayıb.

Araşdırmaların bankın baş direktoru Christian Sewing-in mövqeyinə təsir göstərə biləcəyi də investorların diqqətindədir. Sewing 2018-ci ildən Deutsche Bank-a rəhbərlik edir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə