Roche yeni xərçəng dərmanından 14 milyard dollara qədər gəlir gözləyir

Roche yeni xərçəng dərmanından 14 milyard dollara qədər gəlir gözləyir.
ENA.az Reuters-ə istinadən xəbər verir ki, İsveçrənin əczaçılıq şirkəti Roche ABŞ Qida və Dərman Administrasiyasından (FDA) təsdiq alan yeni süd vəzi xərçəngi dərmanı Wilserdly-nin gələcəkdə şirkətin ən çox satılan preparatına çevriləcəyini gözləyir.
Şirkətin əczaçılıq bölməsinin rəhbəri Tereza Qrem jurnalistlərlə söhbətində preparatın illik satışlarının Roche-un hazırkı ən çox satılan dərmanı olan Ocrevus-un göstəricilərinə çata biləcəyini bildirib. Dağınıq sklerozun müalicəsində istifadə edilən Ocrevus 2025-ci ildə 7,01 milyard İsveçrə frankı (8,3 milyard dollar) gəlir gətirib. Roche bu preparatın satışlarının 2029-cu ildə 9 milyard frankadək yüksələcəyini proqnozlaşdırır.
RBC analitikləri isə Wilserdly-nin illik satışlarının uzunmüddətli perspektivdə 14 milyard dollara çata biləcəyini hesablayırlar. Roche 2027-ci ildə yeni dərmandan 500-600 milyon İsveçrə frankı gəlir əldə etməyi gözləyir.
Gündə bir dəfə qəbul edilən Wilserdly (giredestrant) süd vəzi xərçənginin müəyyən növlərinin müalicəsi üçün nəzərdə tutulub. FDA preparatın erkən mərhələdə, estrogen reseptoru müsbət və HER2-mənfi süd vəzi xərçəngi olan, xəstəliyin təkrarlanma riski orta və yüksək səviyyədə olan pasiyentlərdə istifadəsini təsdiqləyib.
Roche-un açıqladığı klinik sınaqların nəticələrinə görə, preparat standart hormonal müalicə ilə müqayisədə xəstəliyin təkrarlanması və ya ölüm riskini 30% azaldıb. Bu, həmin xəstəlik növü üzrə son 20 ildən çox müddətdə təsdiqlənən ilk yeni hormonal müalicədir.
ABŞ-da dərmanın bir aylıq müalicə üçün müəyyən edilmiş siyahı qiyməti 22 500 dollardır. Roche Avropa bazarına çıxmaq üçün əlavə sağqalma məlumatlarını gözləyir. Bu məlumatların 2027-ci ilin ilk yarısında əldə olunacağı, bundan sonra Avropada təsdiq üçün müraciət ediləcəyi bildirilir.











