Trampın masasında İrana qarşı genişmiqyaslı hərbi əməliyyat planları var

Tramp İrana qarşı yeni hərbi əməliyyat variantlarını nəzərdən keçirir
ABŞ Prezidenti Donald Tramp İranın hərbi potensialını yenidən gücləndirməsi ilə bağlı kəşfiyyat məlumatları və İsrailin artan təzyiqi fonunda Tehrana qarşı yeni hərbi əməliyyat variantlarını nəzərdən keçirir.
ENA.az Bloomberg xəbər verir ki, “The New York Times”ın məlumatına görə, ABŞ kəşfiyyatı İranın raket və pilotsuz uçuş aparatları (PUA) ehtiyatlarını bərpa etdiyini, kimyəvi və bioloji silah proqramlarını inkişaf etdirdiyini ehtimal edir. Bununla belə, Tramp hələlik yeni hücumla bağlı yekun qərar verməyib.
Məlumata görə, İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın İsraillə birlikdə İrana qarşı 4-7 gün davam edə biləcək hava əməliyyatında iştirak etməsi üçün Vaşinqtona təzyiqi artırıb. Lakin İsrail rəsmilərindən biri Netanyahunun Trampa təzyiq göstərdiyi barədə iddiaları təkzib edib.
ABŞ administrasiyası daxilində də yeni hərbi əməliyyatın zəruriliyi və kəşfiyyat məlumatlarının etibarlılığı ilə bağlı fikir ayrılıqları mövcuddur. Trampın İran üzərində uzunmüddətli iqtisadi təzyiqin davam etdirilməsi yolu ilə Tehranın nüvə proqramından imtina etməsinə nail olma ehtimalını da nəzərdən keçirdiyi bildirilir.
ABŞ ordusunun son həftələrdə Yaxın Şərqdə hərbi mövcudluğunu artırdığı, mümkün əməliyyat zamanı bölgədəki döyüş təyyarələri ilə yanaşı, ABŞ-dan göndərilə biləcək B-1 və B-2 bombardmançılarından da istifadə variantlarının müzakirə olunduğu qeyd edilir.
Müdafiə naziri Pit Heqset və Baş Qərargah rəisi Den Keyn Trampa müxtəlif hərbi ssenarilər təqdim ediblər. Mümkün hədəflər sırasında İranın raket və PUA infrastrukturu, enerji obyektləri və İslam İnqilabı Keşikçiləri Korpusunun komanda mərkəzləri göstərilir.
İsrailin planlarına İranın nüvə obyektlərinə və enerji infrastrukturuna qarşı daha genişmiqyaslı hücumlar da daxildir. Lakin Trampın bu planlara hələ razılıq vermədiyi bildirilir.











