Xiaomi-nin gəlirləri azalıb, avtomobil biznesi zərərlə işləyib

Xiaomi-nin xalis mənfəəti üçüncü rübdə 56,8% azalıb.
ENA.az Bloomberg xəbər verir ki, Çinin texnologiya şirkəti Xiaomi-nin 2026-cı ilin üçüncü rübündə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 56,8% azalaraq 4,9 milyard yuana (təxminən 735 milyon dollar) düşüb.
Şirkətin iyul-sentyabr aylarında gəlirləri də illik müqayisədə 5,2% azalaraq 107,2 milyard yuan (təxminən 16 milyard dollar) təşkil edib. Bu, Xiaomi-nin ardıcıl üçüncü rübdə gəlirlərinin azalması deməkdir.
Mənfəətin geriləməsinə əsas səbəblərdən biri yaddaş çipləri və digər komponentlərin bahalaşması olub. Şirkət həmçinin elektrikli avtomobil satışlarının azalması və sektorda rəqabətin güclənməsinin maliyyə nəticələrinə mənfi təsir göstərdiyini bildirib.
Xiaomi-nin smartfon biznesindən əldə etdiyi gəlir 0,8% azalaraq 45,6 milyard yuana düşüb. Şirkətin smartfonlarının qlobal tədarük həcmi isə təxminən 29% azalaraq 30,7 milyon ədəd təşkil edib. Komponent xərclərinin artması nəticəsində bu seqmentdə ümumi mənfəət marjası 11,1%-dən 9,2%-ə geriləyib.
Elektrikli avtomobillər, süni intellekt və digər yeni layihələri əhatə edən bölmənin gəlirləri 17,7% azalaraq 23,9 milyard yuan olub. Bölmə rübü 3,4 milyard yuan əməliyyat zərəri ilə başa vurub. Xiaomi bu dövrdə 100 975 elektrikli avtomobil təhvil verib.
Maliyyə nəticələrinə baxmayaraq, şirkət süni intellekt, öz çiplərinin hazırlanması və robot texnologiyalarına investisiyaları davam etdirəcəyini açıqlayıb. Xiaomi həmçinin 2027-ci ilin ikinci yarısında Almaniya avtomobil bazarına daxil olmağı planlaşdırır.











