ABB Özbəkistanın Davr Bankını neçəyə alıb?
Özbəkistan bazarına daxil olmaq üçün 100 milyon ABŞ dollarından çox investisiya yatırır.
ABB sədri Abbas İbrahimovun sözlərinə görə, ABB Özbəkistanın Davr Bankının 51 faiz səhmini alıb və 100 milyon dollardan yuxarı bir investisiyadan söhbət gedir.
Bank ailə bankıdır və Özbəkistanda böyük biznes şəbəkəsinə malikdir. Bu biznes böyük sənaye müəssisələrindən tutmuş iaşə xidmətinədək genişdir. Bankın 1 milyard dollardan yuxarı aktivi və 1 milyon 400 mindən çox müştərisi var.
Niyə Özbəkistan bankı?
Özbəkistan sürətlə inkişaf edir, 40 milyon əhalisi var. Xüsusən də əhali artımı illik 900 min – 1 milyon nəfərdir. ABB bu bazarı 3 ildir ki, araşdırıb və Davr Bankının aktivliyini, çevik bank olmasını üstünlük kimi qiymətləndirib.
Yerigəlmişkən, Özbəkistanda Azərbaycan biznesinin investisiyaları və idxal-ixrac əməliyyatlarının həcmi artır. Həmçinin Özbəkistan özünü açıq bazar kimi səciyyələndirir və son illər xarici investisiyalarda, xüsusən də sənayeləşmədə sürətli artıma keçib.
ABB Özbəkistanda hansı bank məhsullarını satacaq?
Bank sədri Abbas İbrahimovun sözlərinə görə, hazırda Davr Bankı kiçik və orta biznesə istiqamətlənən kredit və xidmətlər təklif edir. ABB korporativ bankçılıq təcrübəsini və beynəlxalq əlaqələrini də bu banka ötürmək fikrindədir.
Bir sözlə, ABB Özbəkistanda universal, rəqəmsal və süni intellekt yönümlü bir bank yaratmaq fikrindədir.

















